Bu gün Cəbrayıl şəhəri və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsindən 2 il ötür.
Trend xəbər verir ki, sebtyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edilib.
4 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb. Cəbrayıl şəhəri ilə birlikdə rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri düşməndən geri alınıb.
Qeyd edək ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad edib. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər geri qaytarılıb.
Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Bundan sonra Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmayıb.
10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları atəşkəsə dair bəyanat imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində faktiki olaraq bu bəyanatın Ermənistanın hərbi kapitulyasiyası olduğunu ifadə edib. Kapitulyasiyanın şərtlərinə görə, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu geri qaytarılıb. Hazırda, Qarabağda və Şərqi Zəngəzurda sürətli yenidənqurma və bərpa işləri aparılır.