Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun müşavirəsi keçirildi - FOTO

Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun müşavirəsi keçirildi -  FOTO backend

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) müşavirəsi keçirilib.

Oxu.Az xəbər verir ki, təşkilatın mərkəzi ofisində keçirilən tədbirdə idarə heyətinin üzvləri ilə fəallarla yanaşı UABD rəhbəri Hikmət Cavadın dəvət etdiyi Ukrayna millət vəkilləri Valeri Kolyux, Ludmila Marçenko, Oleksandr Qorobets də iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərin, habelə Ukrayna Silahlı Qüvvələrində xidmət edərək döyüşlərdə həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra söz alan UABD sədri Hikmət Cavad son vaxtlar Azərbaycan KİV-də müəyyən sifarişləri yerinə yetirən qüvvələr tərəfindən Ukrayna ilə münasibətlərə xələl gətirəcək xəbərlər yerləşdirildiyini diqqətə çatdırıb:

“Onlar Azərbaycan ictimaiyyətinin Ukraynaya etimadını sarsıtmağa çalışırlar. Amma Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu UABD-nin timsalında buna yol verməyəcək. 2020-ci ildəki 44 günlük Vətən Müharibəsi dövründə olduğu kimi, Ukrayna cəmiyyətinin əksəriyyəti Azərbaycanın haqq işini dəstəkləyir. Sosial şəbəkələrdə Azərbaycana qara yaxan, Ermənistanı dəstəkləyən postlar yazanları Ukraynada ciddi qəbul etmirlər. Özü də həmin şəxslərin bəzilərinin həmin məsələlərdə naşılığı nəzərə çarpır. Belə ki, UABD ayrı-ayrı təxribatçıların ölkələrimizin arasını vurmasına yol verməyəcək. Ukrayna rəsmi səviyyədə daim Azərbaycanı dəstəkləyib”.

Tədbirdə nitq söyləyən millət vəkili V.Kolyux da Ukrayna ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib:

“Biz Ukraynada Azərbaycan diasporu tərəfindən həm müharibə nəticəsində zərər çəkmiş əhaliyə, həm də ordumuza göstərilən yardımları yüksək qiymətləndiririk. Əminəm ki, Ukrayna ilə Azərbaycanın münasibətləri bundan sonra da yüksək səviyyədə qalacaq, heç bir düşmən fitnəsinin bu dostluğu pozmağa gücü yetməyəcək”.

Millət vəkili L.Marçenko da öz nitqində UADB-nin fəaliyyətini, həmçinin Ukrayna–Azərbaycan parlamentlərarası əlaqələrini yüksək dəyərləndirib:

“Ali Rada üzvlərindən ibarən nümayəndə heyətilə birgə mən də Azərbaycanın Gəncə, Ağdam şəhərlərində, azad edilən ərazilərində olmuşam. İstər yazılı bəyanatlarımızda, istərsə də sosial şəbəkələrdəki hesablarımız vasitəsilə Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyimizi ifadə etmişik və həmin mövqeyimiz bu gün də dəyişməz qalır”.

Millət bəkili O.Qorobets də Kiyev vuilayətindən seçilmiş deputat olaraq həmin bölgənin Rusiya hücumları nəticəsində dağılmış və ya ziyana uğramış mülki infrastrukturunun bərpasında Azərbaycan diasporunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib:

“Azərbaycanlılar Ukrayna xalqının həqiqi dostudur. Biz də UABD ilə əlaqələrimizi daha da artıracağıq”.

Tədbir zamanı Ukraynada və Azərbaycanda son hadisələr, o cümlədən Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat da müzakirə olunub. Bununla yanaşı, Ukraynanın hazırda işğal altında olan bölgələrindəki əhaliyə, habelə Ukrayna Silahlı Qüvvələrinə maddi yardımlar məsələsinə də diqqət yetirilib. Natiqlərin bəzi fitnıkar qüvvələrə Ukraynanı işğalçılardan müdafiə edən hərbçilər arasında azərbaycanlıların da az olmadığını xatırladaraq heç kimin Ukrayna ilə Azərbaycanın arasını vurmasına fürsət verməyəcəklərini vurğulayıblar.

Tədbirdə çıxış edənlərdən UABD idarə heyətinin üzvləri Əlisa Dəmirova, Fərhad Turanlı, Vidadi İsrafilov, Alim Nəsirov Ukrayna ordusunun sıralarında vuruşan soydaşlarımızın şücaətindən danışıb. Birinci Qarabağ müharibəsi zamanı da Azərbaycanın ərazi bütövlüyü uğrunda ukraynalıların da vuruşduğunu xatırladıblar.

Tədbirdə iştirak edən fəallar Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatları qəti pisləyərək qeyd ediblər ki, Ermənistan tərəfi imzaladığı məlum üçtərəfli sənədlər çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, o cümlədən Azərbaycan ərazisindəki hərbi qüvvələrini çıxarmalı, Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmamalıdır. Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların yerli ofislərinə Ermənistana götürdüyü öhdıəlikləri yerinə yetirməsi üçün təzyiq göstərmələrinə çağıran məktub göndərmək qərara alınıb.

Tədbirin sonunda UABD rəhbəri Hikmət Cavad müşavirədə iştirak edən millət vəkillərinə göstərdikləri dəstəyə görə UABD və bütövlüklə Azərbaycan diasporu adından təşəkkür edib.

“Təşkilatımız Ukraynanın Ali Radası ilə bundan sonra da əməkdaşlıq edəcək. Xalqlarımız, ölkələrimiz arasındakı əlaqələri daha da dərinləşdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik” – deyə o, qeyd edib.

Xatırladaq ki, daha əvvəl bu cür tədbir Lviv şəhərində keçirilib.

Diaspora