"Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə müvafiq ismarışlar göndərilib".
Qaziler.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
"Azərbaycanın Fransadakı səfirliyinə hücum ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin erməni icmasının radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil", - o söyləyib.
L.Abdullayeva deyib ki, bununla daha öncə də üzləşmişik və təəssüf ki, son günlər bu cür hərəkətlərin şahidi oluruq.
XİN rəsmisinin sözlərinə görə, bununla bağlı Azərbaycan XİN tərəfindən açıqlamalar verilib, məsələnin ciddi narahatlıq doğurduğu bildirilib və bu kimi hadisələrin baş verdiyi ölkələrə müvafiq ismarışlar göndərilib.
“Beynəlxalq hüquqa, daha dəqiq desək, 1961-ci il tarixli Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür. Dövlətləri həmin Konvensiyanı lazımi şəkildə icra etməyə çağırmışıq”, - L.Abdullayeva vurğulayıb.