“Ermənistan özlərinin də tanımadıqları sovet dövründən qalma sərhədi dövlət sərhədləri kimi təsdiqləyib təqdim edərək beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönləndirməyə çalışır...”
“Bilirik ki, bu günlərdə cəmiyyəti daha çox maraqlandıran suallardan biri Azərbaycan-Ermənistan sərhədində erməni tərəfinin təxribatları nəticəsində baş vermiş son silahlı qarşıdurmanın kimin diqtəsi ilə başlamasıdır. Öncə şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləmək istərdim. Təbii ki, itkilərimiz olmasaydı, ordumuzun son uğurlarına daha çox sevinərdik...
Konkret mövzuya gəldikdə, əvvəla, ondan başlayaq ki, sərhəddəki son əməliyyatlardan sonra Ermənistan dünyada belə təbliğat aparır ki, guya hücumu öncə Azərbaycan başlayıb. Hesab edirəm ki, buna qarşı bizim ən azı iki arqumentimiz mövcuddur”.
Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.
“Birincisi, Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Məlumat və video-görüntülərdən bəlli olur ki, şəhidlərimizin əksəriyyəti gecə saatlarında növbədə olmayan hərbçilərimizin yatdığı zaman kazarmalara düşən artilleriya mərmilərindən həlak olub. Bu da sübut edir ki, əgər Azərbaycan tərəfi təxribat təşkil etmiş olsaydı, bununla bağlı önləyici tədbirlər görərdi; sərhədə yaxın birləşmələr yüksək döyüş hazırlığı vəziyyətində saxlanardı və s. Yəni ordumuz Ermənistan tərəfdən belə bir təxribatı gözləməyib....
İkincisi, bildiyiniz kimi, sərhəddə erməni təxribatı gecə saatlarında baş verib. Və çox maraqlıdır ki, Ermənistanın xarici ölkələrdə səfirlikləri sentyabrın 13-də səhər saat 09:00-dan başlayaraq yerləşdikləri ölkələrin xarici işlər nazirliklərinin bu və ya digər məsul şəxslərinə təcili sifarişlər yollayaraq görüşməyi xahiş ediblər. Nəticədə belə görüşlər baş tutub və Ermənistanın diplomatik nümayəndələri hay-küy salıblar ki, Azərbaycan ordusu respublikamızın ərazisinə təcavüz edib və s. Belə çıxır ki, bütün Ermənistan səfirlikləri artıq öncədən İrəvandan müvafiq təlimat alıblar. Yəni bunlar hamısı planlaşdırılmış taktiki addımlar olub. Sentyabrın 13-də günorta saatlarında, yəni cəmi 6-7 saat sonra artıq erməni diplomatları görüşlər, brifinqlər təşkil edə biliblər. Bu da həmin tədbirləri təşkil edənlərin və öncədən hazırlıq görənlərin kimliyini göstərir...
Bir daha təkrar edirəm ki, əslinə qalsa, son hadisələr Ermənistanın təxribatları nəticəsində başlanmış savaşdır, həmlədir. Və Milli Ordumuz var olsun ki, düşmənin bu məkrli həmləsinə layiqincə cavab verib. Təbii ki, itkilərimiz bizi ağrıdır”- deyə həmsöhbətimiz açıqlamasının davamında bildirib.
“Sizcə, bu təxribat birbaşa Paşinyanın marağında olub, yoxsa onun planı bəzi şərhçilərin dediyi kimi, Vladivostokdakı görüşdə Rusiya tərəfindən cızılıb?” sualını isə politoloq belə cavablandırıb:
“Doğrusu, mən bir az başqa cür düşünürəm. Söhbət ondan gedir ki, son döyüş əməliyyatlarınadək Ermənistan ictimaiyyəti və mediasında Rusiyaya qarşı ciddi bir etiraz dalğası olduğunu görürük... Bu baxımdan hesab edirəm ki, təxribatların törədilməsində Paşinyanın başqa bir planı olub. Onun məqsədi belə olub ki, son döyüşləri Azərbaycanın birbaşa Ermənistana təcavüzü kimi göstərsin. Və əslində ilk baxışdan buna qismən də nail olub. Məqsəd bu olub ki, öz havadarları vasitəsilə məsələni beynəlxalq təşkilatlarda, xüsusən BMT-də müzakirəyə çıxarıb Ermənistanın xeyrinə bu və ya digər qərara nail olsunlar. Və sonda bölgəyə, Ermənistan-Azərbaycan sərhəddinə hansısa beynəlxalq qurumlar bu və ya digər şəkildə (müşahidəçilər, monitorinq missiyası və s. ) yerləşdirilsin”.
“Bütövlükdə ermənilər “Qarabağ münaqişəsi” ətrafındakı siyasətlərini, yəni əslində işğalçı, anneksiya siyasətlərini davam etdirməyə çalışırlar. Paşinyan açıq şəkildə bəyan edir ki, biz Qarabağ siyasətini yeni şəraitdə davam etdirməyə çalışırıq. Və öncəki hadisələri yada salsaq, görərik ki, ermənilər bu siyasti faktiki olaraq davam etdirirlər. Çünki Ermənistanın hərbi birləşmələri, texnika və ağır silahları hələ də Qarabağ ərazisindən tam çıxarılmayıb. Avqustun əvvəlindəki “Qisas” əməliyyatı zamanı da bunların şahidi olduq. Amma işğalçı siyasətlərini davam etdirsələr də, təbii ki, həm də qorxurlar. Qorxurlar ki, Azərbaycan məntiqi olaraq Zəngəzur mövzusunu gündəmə gətirəcək... İndi bu da baş verdi. Ermənistan özlərinin də tanımadıqları sovet dövründən qalma sərhədi dövlət sərhədləri kimi təsdiqləyib təqdim edərək beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönləndirməyə çalışır. Bununla da Azərbaycanla sərhədlərdə hansısa beynəlxalq mövcudluq olmasına çalışırlar. Bu dəfəki təxribatı yaradandan sonra da düşünürdülər ki, Rusiyanın indiki durumunda KTMT də bölgəyə qüvvə yeritməyəcək. Heç ermənilər bu təşkilatın müşahidə missiyası da göndərəcəyini gözləmirdilər. Yəni Rusiya və KTMT qarşısında bəhanə qazanmağı hesablayırdılar ki, siz bizə köməyə gəlmədiniz, biz də məcbur olub BMT-yə yaxud ABŞ-a, Fransaya müraciət etdik... Məqsəd bu idi...”- deyə sabiq baş diplomat vurğulayıb.