Fransa səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Fransa səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatır backend

5 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Fransa səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyinə istinad edən nazir Ceyhun Bayramov, səfir Zakari Qrossun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, xüsusilə də dövlət liderləri arasında mövcud olan sıx təmasların münasibətlərin inkişafına, o cümlədən hər hansı məsələlərin müsbət şəkildə həllinə ciddi töhfə verdiyi vurğulanıb. Nazir, xüsusilə humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafının davam etdiyini vurğulayıb.

Səfir Zakari Qross Azərbaycanda fəaliyyətini məmnunluqla qeyd edib. Səfir, iki ölkə arasında iqtisadi, nəqliyyat-bağlantı, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini səsləndirib və ikitərəfli gündəliyin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.

Nazir, minaların təmizlənməsi sahəsində Fransa tərəfinin dəstəyini məmnunluqla qeyd edib. Azad edilən ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşünün tezləşdirilməsi baxımından ərazilərin minalardan təmizlənməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər, ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov səfir Zakari Qrossa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Diaspora