İran Azərbaycanla transport əlaqələrini daha da genişləndirməyə davam edir.
Bunu Şuşaya səfəri çərçivəsində Trend-in sualını cavablandıran İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
"Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən aslıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən, qonşularının milli maraqlarına təsir göstərə bilməz”, - deyə o bildirb.
Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək.
“Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”, - deyə o əlavə edib.