Beynəlxalq konfransda Ermənistanın Gəncə və Bərdəyə atdığı kasetli silahlar barədə məlumat verilib

Beynəlxalq konfransda Ermənistanın Gəncə və Bərdəyə atdığı kasetli silahlar barədə məlumat verilib backend

Bu gün Cenevrə (İsveçrə) şəhərindəki Birləşmiş Millətlər Təşkilatının Millətlər Sarayında “Kasetli Silahlara dair Hesabat”ın növbəti illik təqdimatı keçirilmişdir. 

Qaziler.az Minalar Əleyhinə Azərbaycan Kampaniyasına istinadən xəbər verir ki, hesabatın “Kasetli silahlara dair” BMT Konvensiyasının statusuna aid hissəsində qeyd olunur ki, hal-hazırda 123 ölkə bu konvensiyanı imzalamışdır ki, onlardan da 110 ölkə ratifikasiya prosesini başa çatdırmışdır. Konvensiyanın universalizasiyası prosesi çox ləng gedir. 2021-ci ilin dekabr ayında BMT Baş Assembleyasında bu konvensiyaya dair qətnaməyə 146 ölkə, o cümlədən bu konvensiyaya üzv olmayan 36 ölkə müsbət münasibət bildirmişdir.

Konvensiya qüvvəyə mindikdən sonra 17 dövlət kasetli silahlar istehsal etməkdən, onlarla dövlət isə bu silahların istehsalına investisiyalar qoymaqdan imtina etmişdir. 16 ölkə isə hələ də kasetli silahlar istehsal etməkdədir.

Hesabat dövründə (avqust 2021 – iyul 2022) yalnız Ukrayna ərazisində Rusiya silahlı qüvvələrinin kasetli silahlardan istifadəsi faktları qeydə alınmışdır. Ukrayna silahlı qüvvələrinin ən azı üç dəfə bu silahlardan istifadəsi barədə məlumatlar vardır.

2021-ci ildə kasetli silahlardan 149 nəfərin zərər çəkdiyi qeydə alınmışdır ki, onlardan da 59 nəfər həlak olub və 90 nəfər yaralanmışdır. 2022-ci ilin ötən dövründə yalnız Ukraynada 689 nəfərin zərər çəkdiyi qeydə alınmışdır. Zərərçəkənlərin 97% mülki şəxslərdir ki, onların da 66%-ni uşaqlar təşkil edir.

Konvensiyaya üzv ölkələr ehtiyatlarında olan kasetli silahların 99% məhv etmişlər. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1.5 milyon kasetli silahların 178 milyon subsursatı məhv edilmişdir. 61.0 km2 ərazisi təmizlənmişdir.

29 ölkə ərazisinin kasetli silahların təsirinə məruz qaldığı müəyyən edilmişdir.

Hesabatda bildirilir ki, Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında Azərbaycan rəsmi şəkildə bildirmişdir ki, Dağlıq Qarabağda kasetli silahlardan istifadə etməyib və “ən qəti şəkildə kasetli silahlardan istifadə olunmasını qınayır”. 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

2020-ci ilin payızında baş vermiş döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan “Smerç” reaktiv yaylım atəş sistemindən atılan kasetli mərmilərdən istifadə etmişdir. 28 Oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə atılmış mərmi 9N235 tipli subsursatla təmin edilmiş kasetli raket olmuşdur ki, bunun da nəticəsində 21 nəfər həlak olmuş və 70 nəfər yaralanmışdır. Bundan başqa Ermənistan tərəfindən Azərbaycanın Qızılhacılı (3 oktyabr 2020), Tapqaraqoyunlu (23 oktyabr 2020), Kəbirli (24 oktyabr 2020) və Qarayusifli (27 oktyabr 2020) kəndlərinə də kasetli mərmilərin atılması sübut olunmuşdur. Ümumilikdə bu hücumlar nəticəsində 200 nəfərdən yuxarı insanın kasetli silahlar səbəbindən həlak olması və yaralanması haqda məlumatlar vardır.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” xüsusi qeyd etməyi vacib bilir ki, bu məlumat yalnız son döyüş əməliyyatları zamanı qeydə alınmış faktlardır. 1ci Qarabağ müharibəsi zamanı da kasetli silahlardan istifadə olunub və o zamankı qurbanların sayı hələki məlum deyil.

Diaspora