“Volkovun Xankəndidə səsləndirdiyi fikirlərin izahı istənilməlidir” - politoloq

“Volkovun Xankəndidə səsləndirdiyi fikirlərin izahı istənilməlidir” -  politoloq backend

“Qarabağ separatçıları anlayırlar ki, Ermənistanın baş naziri Nikol Paşinyan onları Azərbaycan ordusundan qoruya bilməyəcək. Ona görə də erməni separatçıları Xankəndidə keçirdikləri mitinq vasitəsilə Rusiya hakimiyyətinə və Rusiya hərbçilərinə yaltaqlanmaq istəyiblər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Siyasi analitikin sözlərinə görə, halbuki, İrəvan və separatçılar Rusiyanın siyasətindən narazıdırlar:

“Erməni separatçılarının məntiqinə görə Rusiya Qarabağda separatçı fəaliyyətə dəstək verməli, Azərbaycanı Qarabağda qayda-qanun yaratmağa imkan verməməlidir. Rusiya Azərbaycanla qarşıdurmaya getmir. Bu da erməni separatçılarını narazı salır. Buna baxmayaraq, separatçılar düşünürlər ki, onları Azərbaycan ordusundan Rusiya hərbçiləri qoruyacaq. Ancaq Rusiya hərbçiləri Azərbaycan ordusuna erməni separatçılarına qarşı son anti-terror əməliyyatına mane olmadılar. Çünki bu əməliyyat Azərbaycan ərazisində həyata keçirilirdi. Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə bu ilin fevral ayında ortaq bəyanat imzalamışdı. 43 maddəlik həmin bəyanatın birinci bəndində Rusiya və Azərbaycanın bir-birlərinin ərazi bütövlüklərinə hörmət etməsi və dəstəkləməsi vurğulanırdı. Bu bəyanatdan çıxış edərək də Kreml Azərbaycana ordusuna Qarabağda qayda-qanun yaratmağa mane olmayacaq”.

E.Şahinoğlu əmindir ki, erməni separatçılarının Rusiyaya olan ümidləri boşa çıxacaq: “Ərazilər əli silahlı separatçılardan addım-addım təmizlənəcək, 3 ildən sonra isə Laçın dəhlizinə alternativ yol da tamamən Azərbaycan ordusunun nəzarətinə keçəcək. Əgər separatçılar bu 3 il ərzində həmin yoldan silah və hərbi texnika daşımaq, qanunsuz səfərlər təşkil etmək üçün istifadə edəcəklərsə, Azərbaycan hərbçiləri həmin yolda da yoxlamalar həyata keçirmək hüququna malikdirlər. Həmin yol Azərbaycan ərazisindən keçir və Azərbaycan büdcəsi hesabına inşa olunub”.

Qeyd edək ki, bu günlərdə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbərliyi qondarma rejimin “deputat”ları ilə görüşüb və Laçın dəhlizinə alternativ yolla bağlı səlahiyyətinə aid olmayan vədlər veriblər. General-mayor Andrey Volkovun rəhbərıik etdiyi Qarabağdakı sülhməramlı kontingentin separatçılarla təmaslarına, özbaşına davranışlarına gəldikdə, politoloq hesab edir ki, bu məsələ cavabsız qalmamalıdır:

“Volkovun Qarabağ separatçıları ilə görüşlərindən sonra onun Bakıya çağrılmasına ehtiyac var. Volkovla Müdafiə Nazirliyində görüş keçirilməli və Xankəndində səsləndirdiyi fikirlərin izahı istənilməlidir. O da mümkündür ki, Volkov Xankəndindənki görüşdə söylədiklərinin erməni mediası tərəfindən təhrif edildiyini bildirəcək, bu, istisna deyil. Çünki erməni mediası Azərbaycanla bağlı məlumatları təhrif etməyi yaxşı bacarır. Yox, əgər Volkovun Xankəndində separatçılara verdiyi “vədlər” təsdiqini taparsa, rəsmi səviyyədə ona narazılığımız bildirilməlidir. O hərbçidir, separatçılarla görüş və müzakirə aparmaq, o cümlədən orada bəyanat vermək onun səlahiyyətini aşan məsələlərdir. Separatçılarla iqtisadi və sosial mövzuda hər hansı məsələni müzakirə ehtiyac varsa, bu, Bakı ilə mütləq şəkildə razılaşdırılmalıdır. Rusiyalı hərbçilər bunu etməyəcəklərsə, Rusiya-Azərbaycan münasibətlərinə zərər vuracaqlar”.


Musavat.com

Diaspora