İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qacar nəslinin yaxın qohumlarından olan Əmir Əli Sərdari İrəvani Bakıya gəlib.
Bu barədə Qaziler.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin sədri Fuad Muradov İrəvan xanının nəticəsi ilə görüşüb. Görüşdə İrəvan xanının varisləri olan bir sıra şəxsiyyətlər, tariximiz, mədəniyyətimiz, eləcə də ermənilərin zəngin irsimizə vurduğu ölçüyəgəlməz ziyan barədə fikir mübadiləsi aparılıb.
Komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayındakı çıxışı xaricdə yaşayan azərbaycanlılara ciddi mesajlar verib və onların beynəlxalq informasiya platformasında fəaliyyət istiqamətlərini müəyyən edib.
Bəhmən xan Sərdari İrəvaninin oğlu Əmir Əli Sərdari İrəvani ata yurdunda qalan xanlıq dövrünə məxsus yeganə məscid - Göy məscidi tikdirmiş Hüseynəli xanın və həmçinin Məhəmməd xanın nəslindəndir.
Söhbət zamanı Əmir Əli Sərdari İrəvani bildirib ki, İrəvanda babam Hüseynəli xanın inşa etdirdiyi Göy məsciddən başqa heç bir tarixi abidə qalmayıb. Əmir Əli nəsil şəcərəsi barədə maraqlı məlumatlar verib, Qacar ailəsi ilə qohumluğu haqqında danışıb.
1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində çalışan mühəndisdir. O, həmçinin etnoqraf və tarixçi kimi də tanınır. Əmir Əli Sərdarinin belə bir soyadı daşıması azərbaycanlıların qədim tarixi köklərə sahib olmasının və hansı torpaqlara mənsubluğunun danılmaz sübutudur.
Əmir Əli Sərdari İrəvani yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.
Qonaq Diasporla İş üzrə DK-nın son illər Azərbaycanın tarixi şəxsiyyətlərinin və tanınmış nəsillərin xaricdə yaşayan varisləri ilə ciddi əlaqələr qurmasını, onların vaxtaşırı ölkəmizə gətirilməsi, ulu vətənləri ilə daha yaxından tanış olmaları üçün sistematik fəaliyyət göstərməsini təqdir edib, Komitə ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.