“Həmin masada heç Ermənistanın da bayrağı olmamalıdır” – Sabiq XİN başçısı

“Həmin masada heç Ermənistanın da bayrağı olmamalıdır” –  Sabiq XİN başçısı backend

44 günlük Vətən müharibəsindən sonra ilk dəfə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun Qarabağdakı ermənilərlə görüşündə masaya Azərbaycan bayrağı qoyulub. Bununla yanaşı diqqəti çəkən daha bir məqam isə ondan ibarət idi ki, qondarma qurumun bayrağı ilə poza verməyə öyrəşmiş sülhməramlıların masasında bu dəfə həmin əski parçası gözə dəymirdi. Görünür, Azərbaycan Ordusunun “Qisas” antiterror əməliyyatı iki ilə yaxındır, revanşist hisslərlə alışıb-yananlara yaxşı cavab olub.

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən sabiq XİN başçısı Tofiq Zülfüqarov deyib ki, məlum məsələyə əməliyyatların təsiri olub-olmadığını demək çətindir:

“Lakin məntiqli bir addımdır. Çünki həqiqətən, sülhməramlıların missiyası, kontingentin fəaliyyəti 10 Noyabr sənədi ilə nizamlanır. Vaxtilə 10 Noyabr sənədinin imzalanmasında da üç tərəf iştirak edib və hesab edirəm ki, bu məsələyə bir o qədər önəm verməyə ehtiyac yoxdur”.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının fəaliyyəti 10 Noyabr bəyanatı əsasında nizamlandığı üçün orada qoyulan vəzifələrin icrası ilə də məhz sülhməramlı kontingent məşğul olmalıdır:

“Müxtəlif qeyri-qanuni qurumların bayraqları, təbii ki, həmin masa üzərində olmamalıdır. Çünki onlar bu sənədin iştirakçısı deyillər. Kim özünü necə istəyir, adlandıra bilər. Lakin onların necə qəbul edilməsi məsələsi isə artıq dövlətlərin rəsmi mövqeyidir”.

T.Zülfüqarov vurğulayıb ki, həmin masada Ermənistanın da bayrağı olmamalıdır:

“Çünki əgər Ermənistan öz üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirmiş olsaydı, Qarabağ bölgəsində onun fəaliyyəti tam dayanacaqdı. Məsələ burasındadır ki, sözügedən ərazilər Azərbaycanın ayrılmaz hissəsidir, sadəcə, müvəqqəti olaraq sülhməramlılar bu və ya digər işlərin icrası üçün dəvət olunublar. Bu baxımdan imzalanan sənədə əsasən, Ermənistan göstərilən vaxt ərzində həmin əraziləri tərk etməli idi. Erməni hərbçilərin Azərbaycan ərazilərində hər hansı fəaliyyət göstərməyə heç bir ixtiyarı yoxdur. Məhz ona görə bütün bunlar yaşanıb”.

Qeyd edək ki, Volkovun Qarabağdakı ermənilərlə görüşündəki daha bir məqam rusiyalı sülhməramlıların Ermənistana olan “sayğı”sının göstəricisi hesab oluna bilər: Belə ki, qonşu dövlətin bayrağı tərsinə qoyulub və Ermənistanın deyil, Kolumbiyanın bayrağını xatırladır.

Diaspora