Tehranın əsassız narahatlıqları - ŞƏRH

Tehranın əsassız narahatlıqları -  ŞƏRH backend

Azərbaycanın göstərdiyi qətiyyət və formalaşdırdığı ordu gücü, əlində olan dəlillər İrandakı əsəbiləşmiş hərbi-siyasi qruplaşmaları təhrifedici bəyanatlar səsləndirmək çağırışı ilə üz-üzə qoyur 

Azərbaycanla İranın münasibətlərində gərginliyin növbəti mərhələsi yaşanır. Bunun yaxın siyasi tarixlə əlaqəli məqamlardan tutmuş Cənubi Qafqazda yaranan yeni reallıqlara qədər bir çox səbəbləri mövcuddur.

 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Müstəqilliyin boğduğu yad ideologiya

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Tehran əsdirdiyi küləklərlə Bakını cilovlama siyasətinə doğru itələməyə çalışıb və zamanla güc mövqeyini nəzəri də olsa, məqbul hesab edib.

Siyasi islamı dövlət siyasətinin bətnində böyüdərək inkişaf etdirən İran həmin ideoloji xətti qonşu ölkələrə ixrac etməyə çalışıb, hərçənd ki, Azərbaycan bu cür təhlükəli fazalarda təmkin və soyuqqanlılıqla ölkədə yad ideoloji hərəkat formalaşdırılmasının qarşısını alıb.

İranın tarixin süzgəcindən özünə miras qalan nəticəsiz aktlar onu Azərbaycana qarşı daha da aqressiv xətt tutmağa vadar edir.

Bu fikirlərimiz İranın əvvəlki illərdə Azərbaycana yatırdığı ideoloji sərmayənin darmadağın olunmasının ümumi təsvirlərini özündə cəmləşdirir.

Vətən müharibəsinin nəticələri İranı narahat edir

Bundan əlavə, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərində həlledici və sarsıdıcı qələbə qazanmasından sonra ortaya çıxan regional mənzərə də yanıqlı qalan İranın yaralarının qaysağını açır.

Bunu İranın ali məqamlı rəhbəri Seyid Əli Xamenei də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə etiraf edib və İslam Respublikasının hikkə və hiddətini yenidən Azərbaycana qarşı yönəldib.

Xamenei Ərdoğana Azərbaycanın qazandığı qələbə kontekstində regionda yaranan reallığın sərhəd məsələlərinə təsirindən narahatlığını ifadə edib. O, deyib:  “İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur”.

Ali lider nə demək istəyir?

Xameneinin bununla işarə etdiyi məqamları belə təsnifatlandıra bilərik:

1. İran Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycanın nəzarətində olmasını və bu magistralın işləmə rejiminin Bakı tərəfindən təyin edilməsini həzm edə bilmir.

2. Zəngəzur dəhlizinin sərhəd dəyişikliyi kontekstində reallaşmasına qarşıdır.

3. Xarici şirkətlərin Qarabağda və Şərqi Zəngəzurda iştirakına qarşı çıxır.

4. Tehran Azərbaycanın xarici siyasət kursunun paralelində onun regional gücünün Bakıya qazandırdığı tərəfdaşları özünə qarşı cəbhə kimi dəyərləndirir.

5. İran Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə həmin əraziləri qeyri-leqal bazar kimi istifadə edərək külli miqdarda gəlir qazanırdısa, indi bundan məhrum olub.

6. İranın sosial-siyasi strukturu, despotik səciyyəli daxili quruluşu, üstəgəl kəşfiyyat müharibəsində düçar olduğu məğlubiyyətlər onu bölgədə tektonik yerdəyişmə etmək qabiliyyətindən məhrum edir.

Azərbaycanın göstərdiyi qətiyyət və formalaşdırdığı ordu gücü, Bakının əlində olan dəlillər İrandakı əsəbiləşmiş hərbi-siyasi qruplaşmaları təhrifedici bəyanatlar səsləndirmək çağırışı ilə üz-üzə qoyur.

Onlar Azərbaycanın xarici ölkələrlə əlaqələrinin səviyyəsinin qalxmasına qarşı ideoloji silahla çıxmağa çalışsa da, bu taktiki gediş boşluğa yuvarlanmaqda davam edəcək.

İranın hərbi-siyasi teatrında Azərbaycanla bağlı qurulan tamaşalarda Bakının əsl niyyəti fərqli dublyajda təqdim edilir ki, bu da Tehranın beynəlxalq aləmdə küncə qısılmasının təzahürləridir.

Azərbaycanın dostları və tərəfdaşları

Nəzərə almaq lazımdır ki, İranı küncə sıxan Azərbaycan yox, onun rəqibləridir, bu düşmənləri Bakı yox, Tehran özü-özünə qazandırır.

Azərbaycan sadəcə olaraq bərabərtərəfli münasibətlərlə özünün beynəlxalq aləmdəki maraqlarını inkişaf etdirir.

Azərbaycanın beynəlxalq dairələrdəki əlaqələri ilə bağlı İranda yaranan narahatlıq kodeksi İslam Respublikasını daim fərqli macəralar axtarışına sövq edəcək.

İran başa düşür ki, Bakıya qarşı həmlə siyasətini davam etdirməyin ona gətirəcəyi itkilər çoxdur, çünki beynəlxalq konyunktura məhz Azərbaycanın tərəfindədir.

Sxem belədir ki, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı habın beynəlxalq güclər üçün cəlbediciliyi artır və onların bölgədəki maraq dairəsini genişləndirir.

İranın regionu qarışdırmaq və burada siyasi şiəlik hərəkatını yaradıb ayaqlandırmaq cəhdi isə həm Azərbaycana, həm də beynəlxalq aləmə sərf etmir.

Bununla belə, Azərbaycan İranla münasibətlərin inkişafını vacib sayaraq öz ərazisindən üçüncü dövlətə qarşı istifadə edilməsi hallarına yol vermir, təəssüflər olsun ki, İran bunu başa düşmək istəmir.

Cənubi Qafqaz regionundakı mövcud reallıqlar İrana qarşı beynəlxalq səylər üçün növbəti pəncərə rolunu oynamaqda davam edəcək.

Azərbaycan isə məsafəli davranışlarla tərəflərin region üzərindən hibrid davasını neytrallaşdıran addımlar atacaq.

Türkiyəyə qarşı qısqanclıq

Azərbaycanın Türkiyə ilə dərinləşən strateji müttəfiqlik münasibətləri də İranın qarınağrısına çevrilir. Çünki bu əlaqələr Türkiyənin regionda nüfuz dairəsini genişləndirməsi və hərbi-siyasi iştirak səviyyəsini artırması ilə nəticələnir.

İran öz maraqlarını regional münasibətlər sisteminə inteqrasiya etməkdənsə, yaxasını kənara çəkərək təkbaşına addımlara getməyi arzulayır. Amma şübhə yoxdur ki, İslam Respublikasının belə niyyətləri boşa çıxacaq.

Diaspora