Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Türkiyənin “TRT” telekanalına müsahibəsində Nikol Paşinyanla telefon danışığından bəhs edib.
“Biz iki ölkənin dini bayramları çərçivəsində baş nazir Paşinyanla telefon danışığı apardıq, bu zaman qarşılıqlı təbriklərimizi çatdırdıq. Biz ölkələrimiz arasında münasibətlərin tənzimlənməsi prosesindən də danışdıq. Bizim "qırmızı xətt"imiz əvvəldən Azərbaycan idi. Biz demişik ki, sərhədimizi yalnız Azərbaycan məsələsi həll olunandan sonra açacağıq. Paşinyanın regional sülh və əməkdaşlıq baxımından bizimlə belə fikirləri bölüşdüyünü eşitmək məni çox sevindirdi. İndi biz gözləyirik ki, sözdən əmələ keçəcəklər”.
Ərdoğan açıq şəkildə vasitəçilərə və erməni icmasına mesaj verir ki, Türkiyənin Ermənistan-Türkiyə danışıqlar prosesində Azərbaycanın mövqeyi vacibdir.
Ərdoğan eyham vurub ki, Paşinyan Türkiyənin bu ilkin şərtini başa düşür. Burada Qarabağla yanaşı Zəngəzur məsələsinin də olduğu şübhəsizdir. Təsadüfi deyil ki, bu açıqlamadan dərhal sonra Paşinyanın hakim komandasından Eduard Ağacanyan elan etdi ki, Ermənistan Zəngəzur dəhlizi ideyasından imtina edib.
Ağacanyanın bu aydınlaşdırması ona görə lazım idi ki, Ərdoğan Paşinyanın Türkiyənin yanaşmasının məntiqini “başa düşür” deyəndə nəyi nəzərdə tutduğu aydın olmasın və hər bir halda erməni cəmiyyəti əldə olunmuş razılaşmalardan xəbərdar olmasın.
Ordu.az