Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.
“Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.