İranın ali dini rəhbəri Əli Xameneinin Zəngəzur dəhlizi ilə bağlı paylaşımı Güney Azərbaycanda narazılıqla qarşılanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İran saytlarının Xameneinin paylaşımını yaydığı səhifələrin şərh bölümlərində sosial şəbəkə istifadəçiləri ali dini rəhbəri riyakarlıqda, həqiqətləri təhrif etməkdə günahlandırıblar.
Onlar Xameneinin “Qarabağın qayıtmasına sevinirik” ifadəsinin yanlış olduğunu bildirib, onun Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsini etiraf etməyə dilinin gəlmədiyini bildiriblər.
Bir çox sosial media fəalı “Qarabağ öz-özünə qayıtmadı, Azərbaycan Ordusunun igidliyi, minlərlə şəhidin qanı bahasına geri qaytarıldı, azad edildi” deyə Xameneini saxtakar adlandırıblar.
“Əlbəttə, siz məcburi sevinirsiniz. 30 il boyunca Qarabağın azad edilməsinə heç bir yardım etmədiniz. Bunu edib hörmət qazana bilərdiniz. Ancaq İlham Əliyev və Ərdoğan bunu bacardıqları üçün bütün türklərin ürəyində yer elədilər”, - təbrizli fəal yazıb.
Bununla yanaşı, çox sayda istifadəçi Xameneinin “ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olduğu halda İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur” ifadəsinin saxtakarlıq nümunəsi olduğunu qeyd ediblər. Onlar bir neçə on il bundan öncəyə qədər Ermənistan adlı dövlət olmadığını, həmin ərazilərin Azərbaycana məxsus olduğunu vurğulayıb, Xameneini saxtakarlıqda və savadsızlıqda suçlayıblar.
Bir sıra fəallar isə İran rəhbərinin paylaşımını ironiya ilə qarşılayıb və “çox narahat olsanız, Ermənistanla əlaqə üçün sərhəddə yeraltı tunel qaza bilərsiniz” deyə yazıblar.
Qeyd edək ki, Xamenei iyulun 19-da özünün “Twitter” səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhədinin bağlanması ehtimalından narahatlığını dilə gətirib.
“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran bunun əleyhinə çıxacaq. Ona görə ki, bu sərhəd neçə min illik əlaqə yoludur”, - deyə Əli Xamenei iddia edib.