Bir neçə gün öncə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyəni Suriyanın şimalında vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb. Bizimyol.info xəbər verir ki, Zaxarova bu barədə ənənəvi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Suriyanın qanuni hakimiyyətinin razılığı olmadan hərbi əməliyyatlar suverenliyin, ərazi bütövlüyünün pozulması deməkdir.
Xatırladaq ki, Suriyanın sərhəd bölgəsində kürd birləşmələrinə qarşı əməliyyatlar aparan Türkiyə qüvvələrinin mövcudluğunu rəsmi Dəməşq dəfələrlə qeyri-qanuni adlandırıb və Ankaranı qoşunlarını geri çəkməyə çağırıb. Bununla belə, həmin ərazilərdən Türkiyəyə qarşı real təhlükə olduğuna görə, Ankara həmin əraziləri nəzarət altında saxlayır.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bu məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında bildirib ki, Türkiyə, xalqının təhlükəsizliyini təmin etməyə borcludur. Əgər Suriyadan Türkiyəyə terror hücumları olursa, buna qarşılıq verməkdə Türkiyə haqlıdır. Bu, Birləşmiş Millətlər Təşkilatının şərtində də var. Ölkələr öz müdafiəsini həyata keçirməkdə sərbəstdir.
Hulusi Kılıç
“Zaxarova bu açıqlamanı verərkən, Rusiyanın Suriyadakı öhdəliklərini yerinə gətirib-gətirmədiyini də sorğulamalıdır. Rusiya Türkiyəyə hücumlara qarşı Türkiyə sərhədindən 30 kilometr uzaqlıqdan terroristlərin çəkiləcəklərinə söz verdi. Amma bunu təmin edə bilmədi. Bu öhdəliyi də xatırlaması lazımdır. Rusiya Suriyanın vəkili deyil. Əgər Suriyada bir dövlət varsa, dövlət hakimiyyəti varsa, Türkiyəyə olan hücumların qarşısını almağa borcludur. Qarşısını almırlarsa, Türkiyə tədbirini görəcək”,- deyə o bildiirb.
Kılıçın sözlərinə görə, Rusiya BMT-nin üzvü olan Ukraynaya hücuma görə də sorğulanmalıdır. Rusiya Ukraynanın həm torpaq bütünlüyünü, həm suvenerliyini pozub. Bütün dünya da ona qarşıdır. Rusiya bunu da nəzərə almalıdır.
“Türkiyənin xarici siyasətinə Rusiyanın qarışma haqqı yoxdur. İkincisi, Türkiyə özünə edilən hücumun qarşısını almaq haqqına sahibdir. Türkiyənin arzusu 930 kilometrlik Suriya ilə ortaq sərhədi boyunca 30 kilometr dərinliyə qədər təhlükəsizliyinin təmin edilməsidir. Beləliklə bu, Türkiyəyə köçü dayandıracaq və tərsinə çevriləcək. Türkiyədə 5 milyondan çox suriyalı yaşayır. Uzun illərdir ki, Türkiyə onlara ev sahibliyi edir. Təhsil, sağlamlıq və s. bütün xərclərini qarşılamaqdadır.
Buna görə də Rusiya öncə güzgüyə baxmalıdır. O zaman güzgüdə gerçəkləri görəcək”,- deyən səfir vurğulayıb ki, Türkiyə türk xalqlarına olan hücumun qarşısını alma haqqına sahibdir və buna gücü də var, lazım olanı da edəcək: "Ona görə də, yaxşı olar ki, Rusiya öz problemlərinə diqqət etsin. Suriyanın adından danışmasın və Türkiyə ilə əməkdaşlıq etsin. Arzumuz budur. Biz heç kəsə qarşı deyilik, amma bizə qarşı olanlara da cavab verərik”,- deyə H.Kılıç belə açıqlamalardan prezident Putinin xəbəri olmadığına inanır. Onun sözlərinə görə, Putin Türkiyəyə dəyər verən bir lider olaraq tanınır. Bu baxımdan o düşünür ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən bu açıqlamadan Putinin xəbəri yoxdur.