Dövlət Dumasının deputatı: “Biz Türkiyə ilə dost idik, dost olacağıq”
Rusiya parlamenti Ankaranın Rusiyanın qonşularının-Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmasına yol açmaq qərarına münasibəti haqda bəzi sual doğuran məqamlar var. Rəsmi Moskva bu mövzuda danışmaqda xüsusi maraq göstərmir. Bəzi mənbələr hətta iddia edirdi ki, Moskva bu qərara qarşı çıxmasa da, Ankaranın məsələn, Şuriya sərhəddində hərbi əməliyyatlar keçirməsinə qarşı çıxaraq, buna əngəl ola bilər. Amma xəbərlər onu göstərir ki, Moskva kifayət qədər təmkinlidir və hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlinə düşən fürsəti dövlət maraqlarına xidmət kimi dəyərləndirərək alqışlayırlar da...
Dövlət Dumasında Türkiyə Böyük Millət Məclisi ilə əlaqələr üzrə parlament qrupunun koordinatoru Otari Arşba gazeta.ru-ya bildirib ki, Türkiyənin Finlandiya və İsveçin ərizələrini təsdiqləmək qərarı Ankara-Moskva münasibətlərə təsir göstərməyəcək.“Biz dost idik, dost olacağıq və işləyəcəyik. Prezidentimizin dediyi kimi, bu, İsveç və Finlandiyanın öz işidir. Biz bu işə qarışmırıq və bu bizi təhdid etmir”.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov da bildirib ki, Ankaranın iki ölkədən tələbləri vardı və bu razılaşmadan sonra mövqeyini dəyişməsi heç də təəccüblü deyil. “Aydın idi ki, bu, yalnız zaman məsələsidir. İsveçlilər və finlər Ərdoğanın tələblərini necə yerinə yetirəcəklər, bilmirəm. Danışıqların əslində nədən getdiyini bilmirik, ola bilsin ki, başqa ön razılaşmalar da olub. Bəlkə də amerikalılar öz rolunu oynadılar. İstənilən halda, İsveç və Finlandiyanın NATO-ya daxil olması xüsusi narahatlıq doğurmur, ona görə də Ərdoğanın qərarından məyusluq yoxdur. Finlandiya və İsveç uzun müddətdir ki, Avropa Birliyinə və NATO-ya inteqrasiya ediblər. Əsas odur ki, onlar öz ərazilərində nüvə silahı yerləşdirməsinlər. Məncə, onlar hər şeyi çox gözəl başa düşürlər. Ona görə də bunu sakit qəbul etmək lazımdır” deyə, Vladimir Cabarov bildirib.
Qara dəniz-Xəzər regionunun Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru Viktor Nadein-Rayevski Ərdoğanın taktikasının özünü doğrultduğunu deyib. “Ərdoğan həqiqətən hamını sıxdı və tələblərinin yerinə yetirilməsinə nail oldu. O, ciddi diplomatik qələbə qazandı. Başqa bir şey, götürülən öhdəliklərə görə Finlandiya və əlbəttə ki, İsveç qanunlarında dəyişikliklər tələb olunacaq. İsveç parlamentdə bir neçə nəfər milliyyətcə kürddür, bu da vacibdir. İstənilən halda bu, kürd hərəkatına ciddi zərbədir. Avropalılar Ərdoğanın rəhbərliyi altında əyilmək məcburiyyətində qaldılar”, - deyə o bildirib.
Musavat.com