"Kəriməçi"lər və Zəngəzur dəhlizi arasında əlaqə - İran "proksi" qüvvələri işə salır

"Kəriməçi"lər və Zəngəzur dəhlizi arasında əlaqə - İran "proksi" qüvvələri işə salır backend

İranla bağlı baş verən hadisələr və Azərbaycanın suverenliyinə qarşı səsləndirilən təhdid xarakterli bəyanatlar birmənalı olaraq Zəngəzur dəhlizi ilə bağlı dövlətin apardığı geridönməz siyasətlə əlaqədardır. İran Zəngəzur dəhlizinin açılmasına, hətta Ermənistandan da daha çox qarşıdır. Dəfələrlə Ermənistanın dəhlizlə bağlı razılıq verəcəyi təqdirdə rəsmi İrəvanın çağırışı olmadan bölgəyə qoşun yeridəcəklərinə dair açıqlama veriblər. 

İran Zəngəzur dəhlizinin açılmasını bölgədə İsrail-Britaniya varlığı, zolağı kimi qəbul edir, bənzər dəhlizin əldə edilməsini Rusiyanın alt qurşağının kəsilməsi, nəticə etibarilə İranın tam mühasirəyə alınması kimi qiymətləndirir.

İranın nə düşünməsindən asılı olmayaraq, rəsmi Bakı İrana çox ciddi jestlər etdi. İrandan keçməklə Naxçıvana yeni yolun çəkilməsi, Türkmənistan qazının İran-Azərbaycan marşrutu ilə Avropaya çatdırılması barədə əldə olunan razılıqlar bu çərçivəyə daxildir. Yəni Azərbaycan 2 dəhliz əvəzinə, İrandan Zəngəzur dəhlizi barədə neytral qalmağı gözləyirdi. 

Bütün bunlara baxmayaraq, İran ardıcıl şəkildə Qafanda konsulluq da daxil olmaqla, müəyyən "layihələrə" start verib. Lavrovun İrana səfəri zamanı Xəzərdə təlimlərin keçirilməsi barədə səsləndirilən ifadələr də müharibədən öncəki vəziyyətə qayıdışı göstərir.

Habelə Rusiya bu prosesə rəhbərlik edir, Lavrovun Ermənistana səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı "sadələşdirilmiş yol" ifadəsindən istifadə etməsi Ermənistan-İran birliyini daha da ruhlandırıb. Ermənistanda təlimlərə start verilib, İran bütün istiqamətlər üzrə həyata keçirilən fəaliyyətlərinə "proksi" qüvvələrini ("Kəriməçi"lər) də əlavə edib. 

Bütün bunlar yalnız bir məqsədə xidmət edir: Azərbaycanın Zəngəzur dəhlizindən imtina etməsinə nail olmaq. Yəni İranın əsas məqsədi burada dini hakimiyyətin qurulması, Taleh Bağırzadə kimi agentlərin "haqq" işinə dəstək vermək deyil. Dini-ideoloji ünsürlərdən istifadə etməklə, lazımdırsa hakimiyyəti təhdid edəcək səviyyədə xaos yaradaraq Zəngəzur dəhlizinin açılmasına mane olmaq, Azərbaycanı bu milli məsələdən imtina etməyə məcbur etməkdir. 

Nəticə etibarilə Tehranın Ermənistanın suverenliyini İranın suverenliyi kimi qəbul etdiyini deyə bilərik. Dövlətimiz bütün bu təhdidləri görür, dəyərləndirir və adekvat addımlarla sarsıdıcı cavablar verir. Rəsmi Tehranın İİKK-nin kəşfiyyat rəisini vəzifədən azad etməsi çox şeydən xəbər verir... Zəngəzur dəhlizi isə bizim üçün milli təhlükəsizlik məsələsidir, ona qarşı istiqamətlənmiş istənilən təhdidin aradan qaldırılması müharibə bahasına olsa belə həyata keçiriləcək.

"Strategy Vision" Araşdırma Mərkəzinin sədri Şahin Qocayev
 

Diaspora