“Nəticə görüşlərdən daha çox liderlərin razılaşmasından asılıdır”
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi Qrupunun iclası keçirilib. Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, bunu Rusiyanın baş naziri Mixail Mişustin Minskdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib. O bildirib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bloklanmasına xüsusi diqqət yetirir. Mişustin qeyd edib ki, üçtərəfli işçi qrupu çərçivəsində mühüm işlər görülür.
Ancaq hələ ki bu “mühüm işlərin” real nəticəsi görünmür. Baxmayaraq ki, üçtərəfli komissiya az qala ilyarımdır yaradılıb (yanvar 2021). Daha neçə belə görüş olmalıdır ki, nəticə çıxsın?
Oktay Qasımov
Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiya, Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin keçirilən görüşü ilə bağlı Rusiya baş nazirinin verdiyi məlumat, Rusiyanın Cənubi Qafqazda kommunikasiya nəqliyyat əlaqələrinin qurulmasına diqqət yetirdiyini vurğulaması gündəm məsələsidir. Rusiyanın iştirakı ilə bu məsələlərin nə zaman həllini tapacağı, kommunikasiyaların xüsusilə nə zaman açılması, sərhədlərin delimitasiya və demarkasiyasının nə zaman həllini tapacağı isə məlum deyil: “10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Rusiya özünün Cənubi Qafqazdakı rolunu qabardaraq prosesləri tam nəzarəti altına aldığını nümayiş etdirdi, məsələlərin bundan sonra Moskvanın iradəsi daxilində həll olunacağının mesajını verdi. Baxmayaraq ki, 10 noyabr bəyanatından təxminən iki ay sonra Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü keçirildi və kommunikasiyaların açılması ilə bağlı qərar qəbul olundu, baş nazirlərin müavinləri səviyyəsində İşçi Qrup yaradıldı və onlara konkret tapşırıqlar verildi. Amma o zamandan keçən il yarım ərzində hələ də İşçi Qrupu konkret bir nəticə ortaya qoymayıb. Məncə, görüşlərin sayından daha çox tərəflərin, xüsusilə vasitəçi olan tərəflərin, nüfuzu olan tərəflərin, konkret olaraq Rusiyanın maraqları və niyyətlərinin nədən ibarət olmasını müəyyənləşdirmək lazımdır. Görünən odur ki, Rusiya aprel və may aylarında Brüsseldə keçirilən görüşlər və proseslərin irəliyə aparılması üçün atılan addımlardan heç də xoşlanmadı. Rusiyanın başı Ukrayna savaşına çox qarışsa da özünün Cənubi Qafqazda olduğunu və bütün proseslərə nəzarət etdiyini göstərmək məqsədilə özü də bölgədə aktivləşdi, baş nazir müavinləri səviyyəsində görüşlərin keçirilməsinə də nail oldu, guya məsələlərin həllində maraqlı olduğunu nümayiş etdirməyə çalışdı. Hesab edirəm ki, Cənubi Qafqazda məsələlərin, xüsusilə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Ukrayna-Rusiya müharibəsinin nəticələrindən çox asılı olacaq. Əgər Rusiya bu müharibədən zəifləyərək çıxsa, o deməkdir ki, Qafqazda da nüfuzu və təsir imkanları azalacaq. Bu da Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin həlli proseslərində önə çıxması və proseslərə təkan verməsi ilə nəticələnə bilər. Ona görə də hesab edirəm ki, nəticələr İşçi Qrupunun neçə görüş keçirməsindən yox, Ukraynadakı müharibənin nəticələrindən asılı olacaq”.
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, üçtərəfli İşçi Qrupunun Peterburqda görüşməsi ilə bağlı müəyyən məlumatlar oldu. Amma bu məlumatlarda ciddi nəticələrə nail olunduğundan söhbət getmir: “Rusiyanın baş naziri deyir ki, geniş müzakirələr olub və kommunikasiyaların açılması ilə bağlı ”mühüm işlər" gedir.
Hələ ki bir nəticə hiss olunmur, amma Rusiyanın bir qədər fəallaşdığı hiss edilir. Əsas məsələ Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri arasında razılığın əldə olunmasıdır. İşçi Qrup icraçı orqandır, texniki məsələləri həll etməlidir. Yüksək səviyyədə razılıq əldə olunandan sonra bu qrupun da işi sürətlənəcək. Hələlik Azərbaycanla Ermənistan arasında “dəhliz”, yoxsa “yol” mübahisəsi davam edir. Sonda yəqin ki, hərə öz adı ilə adlandıracaq. Amma artıq yol-dəhlizin iş mexanizmi ilə bağlı müzakirələrin getdiyi müşahidə olunur. Bu, prosesin real müstəviyə keçdiyinin göstəricisidir. Laçın dəhlizi ilə də müqayisələr aparılır. Azərbaycan hər iki dəhlizin eyni statusda olmasında israr etməlidir. Ermənilərin razılaşmaqdan başqa yolu qalmayacaqdır. Bütün bunlar yaxın vaxtlarda İşçi Qrupun işinin fəallaşacağını deməyə əsas verir".