"Bu səfər həqiqətən tarixi səfərdir. Mən Şavkat Miromonoviçin çıxışında qeyd etdiyi istiqamətlər üzrə onun fikirləri ilə tamamilə şərikəm. Biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq. Dünən və bu gün bizim həyat fəaliyyətimizin demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanıb və imzalanacaq".
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən söyləyib.
“Qarşılıqlı iqtisadi fəaliyyət məsələlərinə gəldikdə, mən Şavkat Miromonoviçin dedikləri ilə həmrəyəm. Biz əlaqələrimizi intensivləşdirməliyik. Nazirlərə müvafiq tapşırıqlar verilib. Əminəm ki, hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Biz, iki Prezident qərara aldıq ki, tapşırıqlarımızın yerinə yetirilməsini özümüz nəzarətdə saxlayacağıq və müvafiq nazirliklər müntəzəm surətdə irəliləyiş barədə bizə məruzə edəcəklər. Bu yolla biz ticari-iqtisadi sahədə və təkcə bu sahədə deyil, ciddi tərəqqiyə nail ola bilərik. Ona görə ki, bu gün biz qarşılıqlı beynəlxalq fəaliyyətin mühüm məsələlərini müzakirə etdik və əlbəttə, bütün beynəlxalq strukturlarda daimi qarşılıqlı dəstəyi böyük məmnunluqla qeyd edirik. Şavkat Miromonoviç bizim əməkdaşlıq etdiyimiz təşkilatlar barədə danışdı. Biz həqiqətən dostlar, qardaşlar kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”.