“Ermənistanın parlament müxalifəti defolt vəziyyətindədir. Qırx gündən çoxdur müxalif deputatlar Milli Məclisin işində iştirak etmədilər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində 2021-ci il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryan tərəfindən səslənib.
Onun sözlərinə görə, müxalifət heç bir sahədə öz öhdəliklərini yerinə yetirə bilmir.
“Biz bu həftələrdə müxalifətin nə qədər acınacaqlı aqibətlə üzləşdiyini gördük. O, nə parlamentdə, nə onu seçmiş vətəndaşlar qarşısında, nə də parlament diplomatiyası platformasında üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Məlum oldu ki, heç küçədə də hünərli deyillər”, - Konjoryan bildirib.
Ermənistan müxalifəti tərəfindən qurulan Müqavimət hərəkatının başlatdığı etiraz aksiyalarından danışan deputat müxalif siyasətçilərin Qarabağ məsələsindən əslində yalnız hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışdığını söyləyib.
"Mövcud müxalifət on illərdir, Qarabağı girov saxlayır və bu mövzudan istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışır", - deyə parlament fraksiyasının rəhbəri bildirib.
Onun fikrincə, müxalifətin uğursuzluğuna onun aksiyalarında iştirak edənlərin sayının azlığı deyil, liderlərinin “siyasi ağılsızlığı” səbəb olub.