Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin təşəbbüsü ilə Brüsseldə Serbiya və Kosovo arasında müxtəlif məqamları əks etdirən dörd saziş imzalanıb.
AZƏRTAC Serbiyanın Tanjuq agentliyinə istinadla xəbər verir ki, sənədlər hər iki tərəfin maraqlarını əks etdirən məsələləri ehtiva edir. Məqamlardan biri də Kosovonun beynəlxalq telefon kodunun olacağı, digər məsələ isə bu ölkənin şimalında yaşayan serblərə daha çox hüquqların veriləcəyi ilə bağlıdır.Serbiyanın Baş naziri Aleksandr Vuçiç Brüssel danışıqlarından sonra imzalanmış sazişlərdən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, Kosovoda yaşayan serblərin rəsmi Belqrad tərəfindən maliyyələşdirilməsinə imkan yaradılması müsbət məqamdır.
Sazişlərlə bağlı fikirlərini bölüşən Kosovonun Baş naziri İsa Mustafa vurğulayıb ki, sənədlər əslində ölkəsinin suverenliyinin təmin olunması istiqamətində əldə edilmiş önəmli nailiyyətdir.
Kosovo beynəlxalq telefon kodu kimi, Monakonun və ya Sloveniyanın ölkə kodlarından istifadə edirdi.