Rövşən Rzayev kanadalı nümayəndələrlə görüşdü - FOTO

Rövşən Rzayev kanadalı nümayəndələrlə görüşdü -  FOTO backend

İyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının idarə heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner və Kanada Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmayıl Vataneri ilə görüşüb.

 

Qaziler.az xəbər  verir  ki, qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti və onun nəticəsində qaçqın və köçkün düşmüş bir milyondan çox soydaşımızın uzun illərdir yaşadığı çətinliklər, onların sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinin gördüyü tədbirlər haqqında məlumat verilib. Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli 116 qəsəbə salınıb.

 

Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra məcburi köçkünlərin yenidən həmin ərazilərə qayıdışının təşkilini ən mühüm vəzifə kimi qarşıya qoyub. Hazırda bu məqsədlə təhlükəsizlik tədbirləri həyata keçirilir, işğalçıların dağıdıb viran qoyduğu yaşayış məntəqələrinin, infrastrukturun bərpası və yenidən qurulması işləri aparılır.

 

Qeyd olunub ki, bu günlərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Yaxın zamanlarda, məcburi köçkün ailələrinin həmin kəndə köçürülməsinə başlanacaq.  Eyni zamanda, diqqətə çatdırılıb ki, Dövlət Komitəsi yerli və beynəlxalq təşkilatlarla birgə işğaldan azad olunmuş ərazilərə köçürüləcək məcburi köçkünlərin məşğulluğuna dəstək üçün layihələr icra edir.

 

Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə Heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext Dövlət Komitəsinin fəaliyyəti, məcburi köçkünlərin geri dönüşü ilə bağlı ətraflı məlumat verdiyi üçün komitə sədrinə təşəkkür edib. 

 

Görüşdə "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova və mərkəzin üzvü Eldar Həsənov iştirak ediblər. 

Diaspora