Osloda Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin 30 illiyi qeyd edildi - FOTO

Osloda Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin 30 illiyi qeyd edildi -  FOTO backend

Oslo şəhərindəki “Ədəbiyyat Evi”ndə (Litteraturhuset) Azərbaycanla Norveç Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkəmizin İsveç, Norveç, Finlandiyadakı səfirliyinin və Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Norveçin rəsmi şəxsləri, diplomatik korpusun təmsilçiləri, siyasi və ictimai xadimlər, media mənsubları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və Norveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Mərkəzi Asiya və Regional Təşkilatlar İdarəsinin direktoru Lars Ragnar Aalerud Hansen çıxış ediblər.

Azərbaycanın nazir müavini ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənməkdə olan əməkdaşlıqdan, neft və qaz sahəsində birgə layihələrdən, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan danışıb. Bildirib ki, digər sahələrlə yanaşı, mədəniyyət və alternativ enerji istehsalı sahələrində əlaqələr Norveç-Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin rolunu oynaya bilər.

Norveç XİN-in təmsilçisi tədbir iştirakçılarını Azərbaycan dilində salamlayıb və ölkəmizlə bağlı xatirələrini bölüşüb. Azərbaycan dövlətinin və xalqının maraqlı coğrafiyada yerləşdiyini, nadir mədəniyyət və musiqi irsinə malik olduğunu xatırladan natiq ölkəmizlə bir sıra sahələrdə uğurlu əməkdaşlığın mövcudluğundan məmnunluğunu ifadə edib, tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün imkanların olduğunu diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində tanınmış cazmen, Azərbaycanın əməkdar artisti İsfar Sarabskinin rəhbərlik etdiyi “İsfar Sarabskinin triosu” çıxış edib. Trionun ifasında Azərbaycan və dünya bəstəkarlarının kompozisiyaları təqdim edilib.

Diaspora