Azərbaycanla sülh sazişi ilə bağlı mümkün danışıqlar iki variant üzrə müzakirə edilib.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.
“İstər beynəlxalq aləmdə, istərsə də Ermənistanda müzakirələr gedir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin həllinə Qarabağ məsələsi də daxil edilməlidir, yoxsa ayrıca baxılmalıdır?” - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan müxalifəti Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəliyin “ayrıca məsələ” olmasını istəyir.
O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel ilə Brüsseldə keçirilən görüşdə anklavlar məsələsi müzakirə olunmayıb.
“Azərbaycan birbaşa və ya dolayısı ilə bu məsələni qaldırır, lakin biz dedik ki, de-yure Ermənistan ərazisində Azərbaycan anklavlarının mövcudluğu qeydə alınmayıb”, - Paşinyan söyləyib.
O, həmçinin bəyan edib ki, Brüsseldə Qarabağla bağlı çox ciddi müzakirələr aparılıb, nəticədə Ermənistan və Azərbaycanın mövqelərində fikir ayrılığı olub:
“Bakı hesab edir ki, Qarabağ münaqişəsi həll olunub, Ermənistan hesab edir ki, həll olunmayıb. Bakı öz 5 təklifini verib, bizim də öz təklifimiz var və bunun əsasında danışıqlar aparılmalıdır”.