Qarabağ ermənilərinə mədəni muxtariyyət iddiası - Şarl Mişelin o açıqlaması...

Qarabağ ermənilərinə mədəni muxtariyyət iddiası - Şarl Mişelin o açıqlaması... backend

Mədəni muxtariyyət Bakını razı sala bilərmi?

Mayın 22-də axşam saatlarında Prezident İlham Əliyevin baş nazir Nikol Paşinyanla Brüsseldə  apardığı danışıqlardan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəflərin gələcək danışıqlarda müzakirə üçün qəbul etdikləri mövzuları sadalayıb. Ş. Mişel diqqətə  səbəb ola biləcək daha bir  məqama toxunub. Aİ Şurasının prezidenti belə deyib: “Mən həmçinin hər iki liderə Qarabağda etnik erməni əhalinin hüquq və təhlükəsizliyi məsələlərinin həll edilməli olduğunu bildirdim”.

Ermənistan müxalifəti bütün platformalarda Qarabağ ermənilərinə Azərbaycan dövlətinin yurisdiksiyasından kənarda status verilməsi haqqında tələb irəli sürür, Azərbaycan Prezidenti İlham Əliyev isə dəfələrlə ermənilərə status verilməyəcəyini bəyan edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 16-17-də Moskvada keçirilməsi nəzərdə tutulan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclasının baş tutmamasının səbəbini də “status məsələsi” ilə izah edib. 

“Azərbaycan  Dağlıq Qarabağın gələcək statusu və təhlükəsizliyi məsələsinin Ermənistanla münasibətlərin nizamlanması gündəliyinə daxil edilməsi barədə təklifini qəbul etməyib”, - deyə Mirzoyan  bildirib.

Rəsmi Bakı bildirib ki, ölkə qanunlarına tabe olan hər bir erməni Azərbaycan vətəndaşı hesab olunur və ölkə konstitusiyasının verdiyi bütün hüquqlar onlara da şamil edilir. Ermənilər isə Azərbaycan qanunlarına tabe olmaq istəmirlər. O halda ehtimal etmək olar ki, Qarabağdakı  köçmən ermənilərə hansısa formada  muxtariyyət mövzusu yenidən, bu dəfə Avropa İttifaqı tərəfindən də gündəmə gətirilir. Bəzi ekspertlər Bakı və İrəvana ermənilərin mədəni muxtariyyəti haqqında razılıq əldə etməyi təklif edirlər.

Mədəni muxtariyyət Bakını razı sala bilərmi? Şarl Mişelin “Qarabağda etnik erməni əhalinin hüquq və təhlükəsizliyi məsələlərinin həll edilməli olduğunu bildirdim” fikrinin açması nədir?

Pənah Hüseyn canlı yayımdakı davadan danışdı:

Pənah Hüseyn 

AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Şarl Mişel açıqlamasında “Dağlıq Qarabağ” ifadəsini, “artsax xalqı”, “öz müqəddəratını təyin etmə” kimi ifadələri işlətməyib, Qarabağdakı etnik erməni əhalidən danışıb. Bu, həmin əhalinin Azərbaycanın tərkibində olduğu mənasına daha yaxındır və bu baxımdan Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır: “Məncə, Brüssel görüşünün 5 saat davam eləməsinin səbəblərindən biri də çox böyük ehtimalla o ifadənin məhz bu şəkildə olması ətrafında gedən diskussiyalar olub. İndiki vəziyyətdə mən bu ifadəni Azərbaycanın və beynəlxalq hüququn maraqlarına doğru irəliləyiş hesab edirəm.

Mədəni muxtariyyət barədə sualınıza gəlincə, mədəni muxtariyyət ayrıca ərazi-muxtar və ya dövlət statusunun olmamasını nəzərdə tutur. Müxtəlif izahları var, lakin konkret hüquq baxımından tərifi yoxdur. İndiki etapda biz bu ifadəni işlətmirik. Hər bir ölkənin daxilində yaşayan müxtəlif etnosların mədəni hüquqları var-öz dillərindən istifadə edirlər, öz dillərində də təhsil alırlar və bu kimi hüquqları nəzərdə tutur. Prinsipcə, Azərbaycan heç vaxt hansısa etnosun mədəni hüquqlarının əleyhinə olmayıb və hətta Azərbaycanda yaşayan bütün etniklərin mədəni hüquqlarına təminat verib. Azərbaycan Konstitusiyası, digər qanunları, həmçinin dövlətin siyasəti etnik kökənindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqları verir. Bundan sonra da belə olacaq".

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonra mətbuat üçün açıqlamasında daha öncəki bəyanat və açıqlamalarda olduğu kimi, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, bu söz birləşməsinin 44 günlük müharibədə Azərbaycanın qələbəsinin nəticəsi olaraq, qlobal siyasi gündəmdən çıxarıldığını və bu məsələdə rəsmi Bakının, ölkənin inzibati ərazi bölgüsünə əsaslanan mövqeyinin qəbul edildiyini sübuta yetirir: “Görüşdə artıq tarixin arxivinə yola salınmış ”status" məsələsinin müzakirə predmeti olmaması, həmçinin Azərbaycanda yaşayan erməni əhalisinin hüquqlarından söz açılması rəsmi Bakının daha öncə açıqladığı baxış bucağı ilə üst-üstə düşür.

Azərbaycan həm müharibədən öncə, həm də postmüharibə dövründə ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdiyini, ölkə konstitusiyasının Azərbaycan vətəndaşlarına verdiyi hüquq və azadlıqların onlara da şamil edildiyini dəfələrlə bəyan edib. Məhz bu baxımdan, bu, ölkəmiz üçün hüquqi və siyasi baxımdan öz həllini tapmış məsələ hesab oluna bilər".

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Şarl Mişelin görüşlə bağlı yekun açıqlamasında Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibliyini deməsi yəqin Azərbaycana mesajdır ki, rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir: “Şarl Mişel bununla həm də Nikol Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Çünki radikal müxalifət Paşinyana ona görə təzyiq edir ki, baş nazir Qarabağı ”unudub". Paşinyan isə Brüssel görüşünün bu nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığına istinad edəcək. Bizə gəldikdə, əgər Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşayacaqlarsa, separatçılıqdan vaz keçib pasportlarımızı daşıyacaqlarsa, bələdiyyə və digər buna bənzər hüquqlara malik ola bilərlər".

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində Avropa Şurasının rəhbəri Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə görüşün yekunlarına dair bəyanatını şərh edib: “Baş verənlər həm də onunla bağlıdır ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünün Qarabağa heç bir aidiyyəti olmadığından başlayaraq, tarixi əhəmiyyət kəsb edən əsas tezislərimizi ardıcıl olaraq puça çıxarır. Onlar Qeqarkunik və Sünikdəki qeyri-qanuni Azərbaycan hərbi obyektlərinə haqq qazandırıb və ya qanuniləşdirib, bizim ərazi yurisdiksiyamızdan vaz keçiblər. Sünikdə yollar elə tikilir ki, Azərbaycan silahının hədəfi altına düşür.

 Öz səhvlərini gizlətmək, narazılıq yaratmamaq, mövqelərini qorumaq üçün bu faktları səsləndirənlərin hamısı təzyiq altındadır.

 Beynəlxalq mexanizmlər məsələsində dövlətimizin əl-qolunu bağladılar, ölkəni geosiyasi maraqların qurbanına çevirdilər. Bütün bunlar Azərbaycanın əl-qolunu açıb".


“Yeni Müsavat”

Diaspora