Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışında bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.