Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti niyə artıb? - TƏHLİL

Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti niyə artıb? - TƏHLİL backend

Rəsmi Bakı uğurlu xarici siyasətilə iqtisadi əlaqələrini sürətlə genişləndirir

Koronavirus pandemiyası, ardınca isə Ukraynadakı müharibə nəticəsində beynəlxalq səviyyədə baş verən geosiyasi dəyişikliklər dünyanın bütün ölkələrinin xarici siyasətində iqtisadi amilləri önə çıxarmaqdadır. Bu gün böyük güclərin bir-birinə qarşı mübarizəsində iqtisadi rıçaqlar hərbi gücdən daha üstün mövqeyə yüksəlib. Belə bir şəraitdə uğurlu və balanslı xarici siyasət yürüdən, eyni zamanda daxilində sabitliyi təmin etməyi bacaran ölkələrin qlobal kataklizmlərdən nəinki zərərsiz çıxmaq, hətta baş verən proseslərdən müəyyən mənada iqtisadi və siyasi dvidentlər əldə etmək imkanı genişdir. Azərbaycan məhz bu kateqoriyaya aid ediləcək ölkələrdəndir.

Uzun illərdir ölkədə iqtisadi-siyasi sabitlik hökm sürür. Azərbaycan Prezident İlham Əliyevin siyasi peşəkarlığı nəticəsində aralarında ziddiyyətlər olan böyük güclərlə balanslı siyasət təmin olunub. Nəticədə hazırda ölkəmiz həm Rusiya ilə, həm də ona qarşı ən sərt sanksiyaları tətbiq edən Qərblə sıx əməkdaşlıq münasibətlərini saxlaya bilir. Bundan əlavə, Azərbaycan çəkinmədən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini elan edərək, bu ölkəyə humanitar və yanacaq baxımından yardımını əsirgəmir. Elə buna görədir ki, Rusiya neft-qazından imtinaya hazırlaşan Avropa İttifaqının diqqəti Azərbaycana, onun qitənin enerji təchizatına verə biləcəyi töhfəyə yönəlib.

5af06e64a3c21_rahid_alakbarli_070518.jpg (73 KB)

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirilib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Avropa İttifaqı üçün cəlbedici edən faktorlardır.

Azərbaycan öz enerjidaşıyıcılarını Avropaya ixrac etmək üçün nəhəng layihələri uğurla başa çatdırıb. Təsadüfi deyil ki, bu gün Avropa Azərbaycan və onun üzərindən ötürülə biləcək qaz həcmlərinə böyük ümid bəsləyir. Azərbaycan öz qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizini faktiki olaraq, öz maliyyə imkanları hesabına həyata keçirib. Avropa İttifaqı bu layihəyə tam siyasi dəstək versə də, onun maliyyələşməsi prosesində iştirak etməyib. Lakin indi layihənin əsas komponentləri olan TANAP və TAP boru kəmərlərinin genişləndirilməsi prosesini var gücü ilə irəlilətməyə çalışır. Hazırda Azərbaycanın Avropaya ildə 11 milyard kubmetr qaz ötürmək imkanı var. Lakin kəmərlərin genişləndirilməsi, ötürücülük gücünün artırılması ilə bu potensialı 20 milyard kubmetrə çatdırmaq mümkündür.

867619_uhuv5uldm6.jpg (73 KB)

Azərbaycan yalnız özünün deyil, Türkmənistan və İran qazının da Avropaya çatdırılmasında mühüm həlqədir. Hələlik Azərbaycan İranla svop razılaşması əsasında Türkmənistandan 2 milyard kubmetr qaz alır. Lakin yaxınmüddətli dövrdə bu həcmi 3 dəfəyə qədər artırmaq, ortamüddətli dövrdə isə 20 milyard kubmetrə qədər çatdırmaq mümkündür. Belə ki, Azərbaycan Türkmənistanla arasındakı anlaşılmazlıqları arxada qoyaraq, neft-qaz hasilatı sahəsində mühüm müqavilə imzalamağa nail olub. Hər iki ölkə Xəzər dənizindəki neft-qaz yatağını birgə işləyəcək, oradan əldə olunan enerjidaşıyıcıları Azərbaycanın infrastrukturu ilə dünya bazarına çıxarılacaq. Azərbaycan həmçinin İranla da Xəzər dənizindəki neft-qaz yataqlarının birgə istismarına dair memorandum imzalayıb. Bir neçə gün əvvəl Baş nazirin müavini Şahin Mustafayev İranda rəsmi səfərdə olarkən bu ölkənin neft naziri Cavad Oci ilə də görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən iranlı nazir yaxın zamanda Azərbaycan və İran arasında Xəzər dənizinin neft və qaz yataqlarının işlənilməsi sahəsində yeni sazişlərin imzalanacağını bildirib. Onun sözlərinə görə, bununla bağlı ilkin danışıqlar aparılıb və iki ölkənin ekspert nümayəndə heyətləri danışıqları davam etdirir.

O bildirib ki, tərəflər regionun digər ölkələrindən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsində əməkdaşlıq haqqında da razılığa gəliblər. Ş.Mustafayev İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlığın olduğunu deyib və əlavə edib ki, İran və Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq səmərəli olub. İranın neft naziri ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib: “Biz enerji sektorunda bir sıra yeni layihələri müzakirə etdik və inanıram ki, yeni sənədlər yaxın vaxtlarda imzalanacaq”.

Azərbaycanın Avropanın enerji bazarına daha bir töhfəsi Türkmənistan və Qazaxıstan neftinin tranzitini təmin etməyidir. Qazaxıstan neftini Rusiya üzərindən Avropaya çatdıran boru kəmərindəki müəmmalı qəza səbəbindən kəmərlə nəql dayanan zaman neftin mühüm bir hissəsi Azərbaycan üzərindən daşındı. Nəzərə alsaq ki, Avropa bu ilin sonunadək Rusiya neftindən tam imtina edəcək, o zaman Azərbaycan və onun üzərindən nəql ediləcək neftin qoca qitənin enerji təhlükəsizliyində rolunun nə qədər artacağını təsəvvür etmək elə də çətin deyil.

neft-1280x720.png (1.09 MB)

Azərbaycanın Avropa İttifaqı üçün daha bir əhəmiyyəti onun Asiyadan qitəyə istiqamətlənən yükdaşımalarda oynaya biləcəyi rolla bağlıdır. Belə ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Asiyadan bu ölkə üzərindən yükdaşımalar faktiki olaraq dayanıb. Artıq mart ayından qlobal yükdaşımalarda ilk beşlikdə qərarlaşan beynəlxalq şirkətlərin 3-ü Rusiyadan, Rusiyaya və Rusiya üzərindən mal daşımaqdan imtina edib. Bunlar Danimarkanın “Maersk”, Almaniyanın “Hapag-Lloyd” və Yaponiyanın ONE şirkətləridir. Belə bir şəraitdə Asiyadan Avropaya yük daşıyan beynəlxalq şirkətlər yeni marşrutlar axtarmağa başlayıblar və bu axtarışlar zamanı diqqətlər sürətlə Azərbaycan üzərindən keçən Orta Dəhlizə yönəlir. Artıq “Maersk” Rusiya üzərindən daşımalara alternativ olaraq Orta Dəhlizi seçib. Şirkətin bununla bağlı açıqlamasında bildirilir ki, Orta Dəhliz üzərindən Çin və Avropa arasında yeni dəmir yolu xəttini işə salır. Beləliklə, Çinin müxtəlif şəhərlərindən yola düşən yeni “Maersk” xidməti Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə onu Avropa ilə birləşdirir. Çatdırılma müddəti təxminən 40 gündür: “Çin və Qazaxıstan arasında Xorqos sərhədini keçdikdən sonra konteynerlər dəmir yolu ilə Aktau stansiyasına çatır və oradan barjaya yüklənilərək Bakıya yola salınır. Daha sonra isə konteynerlər Gürcüstan Potidəki APM terminallarına göndərilir və oradan fider gəmisinə yüklənilərək Rumıniyanın Konstansa limanına, daha sonra isə müxtəlif Avropa ölkələrinə göndərilir”.

Aprel ayında bu marşrutla Çinin Sian şəhərindən ilk konteyner qatarı Rusiyadan yan keçərək Çindən Avropaya yola düşüb. Yük Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya vasitəsilə Sian şəhərindən Mannheymə (Almaniya) göndərilib.

May ayının 10-da isə Finlandiyanın Rusiyada fəaliyyətini "Nurminen Logistics" şirkətinin ilk konteyner qatarı Çinin Çonqinq şəhərindən yola düşüb. Marşrut Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya qədər uzanır. "Nurminen Logistics" şirkəti bildirir ki, dəmir yolu və dəniz nəqliyyatını birləşdirən Transxəzər marşrutu müasir nəqliyyat zəncirlərinin ehtiyaclarına mükəmməl cavab verir. Burada vaxt və ekoloji təmizlik mühüm rol oynayır, Çindən Mərkəzi Avropaya daşınma müddəti dəniz daşımasından təxminən üç dəfə tez başa gəlir.

Azərbaycan öz ərazisindən getdikcə artan yüklərin Avropaya problemsiz və vaxtında çatdırılmasını təmin etmək üçün İranla bu ölkə üzərindən Naxçıvana, oradan isə Türkiyəyə uzanacaq nəqliyyat dəhlizinin yaradılmasına dair müqavilə imzalayaraq sürətlə layihənin icrasına başlayıb.

Beləliklə, aydın olur ki, Azərbaycanın Avropanın həm enerji təminatında, həm də Asiya ilə iqtisadi-ticari əlaqələrinin təhlükəsiz şəraitdə reallaşmasında rolu dəfələrlə artır.

Azərbaycan həmişə Avropa şirkətlərinin rahat işlədiyi məkan olub. Bir müddət əvvəl Avropa İttifaqının maliyyə dəstəyi ilə sayca 6-cı dəfə nəşr olunan “Azərbaycanda Biznes Mühiti-2021” hesabatından aydın olur ki, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. Bu şirkətlərin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14 faizi isə artıq investisiya layihələrində iştirak edirlər.
Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2021-ci ildə Aİ ilə ölkəmiz arasında ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Bu ilin yanvar-aprelində Azərbaycanın ixracının 64 faizi Aİ-yə reallaşıb. İxracın həcmi 7 milyard 558 milyon 482.56 min dollar təşkil edib ki, bunun da 4,3 milyard dolları yalnız İtaliyaya neft ixracıdır. İdxalımızda isə Aİ-nin payı 16 faizdir - 638 milyon 963.83 min dollar. Son onillikdə Avropa şirkətləri Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan yuxarı sərmayə yatırıb.

Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Ötən il iyulun 18-də Prezident İlham Əliyevin Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, Aİ ölkəmiz üçün yaxın tərəfdaşdır. “Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

os95ho4ob_01.jpg (259 KB)

Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”.

Musavat.com analitik qrupu

Diaspora