Kuleba Ukraynada sülhə aparan 3 ən qısa yolu açıqladı

Kuleba Ukraynada sülhə aparan  3 ən qısa yolu açıqladı backend

“Biz illərdir dünyaya xəbərdarlıq edirdik ki, Rusiya dialoq yox, müharibə istəyir. Dünyanın hər nöqtəsində bəyan edirdik ki, çox gec olmadan Rusiyanın qarşısı alınmalıdır. Putin hərtərəfli müharibəyə başlamaq qərarına gələcəyi və limanlarımızı bağlayacağı təqdirdə, qlobal ərzaq böhranı barədə də xəbərdarlıq etmişdik. Xəbərdarlıqlarımıza məhəl qoyulmadı və indi biz bunun nəticəsini görürük”.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Vyanada keçirilən iclasda deyib.

O, ölkələri Ukraynanın çağırışlarını dinləməyə çağırıb.

“Bu gün hamımız çox çətin seçimlərlə qarşı-qarşıyayıq. Bu seçimlər çətin qərarlar tələb edir. Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Ukrayna ilə bağlı deyil və biz həm öz, həm də sizin maraqlarınız üçün birlikdə hərəkət etməliyik. Əgər Putin hipotetik olaraq uğur qazansa, şübhəsiz ki, o daha da irəli gedəcək. İndi onu dayandırmağa kömək edin ki, sonra onunla özünüz üzləşməyəsiniz. Biz xoş sözləri yüksək qiymətləndiririk, lakin həm də konkret addımlar tələb edirik: Ukraynanı ağır silahlarla təmin etmək, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək və Ukraynaya Aİ-yə namizəd statusu vermək. Bunlar sülhə aparan üç ən qısa yoldur. Lazım olan yeganə tələb isə paytaxtlarda siyasi iradədir”, - Kuleba vurğulayıb.

Nazir qeyd edib ki, Avropa dəyişir və qlobal nizam heç vaxt əvvəlki kimi olmayacaq.

“Bu müharibənin alovlarından yeni bir dünya yaranır və onu formalaşdırmaq bizdən asılıdır. Heç biriniz tamaşaçı deyilsiniz. Siz hamınız iştirakçılar və qərar qəbul edənlərsiniz. Bizə yeni və daha yaxşı dünya nizamı yaratmağa kömək edin. Ukrayna azadlıq uğrunda qlobal mübarizənin mərkəzidir. Ukrayna daha yaxşı gələcək üçün mübarizə aparır. Təkcə özünün deyil, Avropanın da gələcəyi üçün, hökumətlərin seçildiyi və cavabdeh olduğu gələcək, xalqların öz yollarına qərar vermək hüququna malik olduğu bir gələcək üçün, istər küçələrdə, istərsə də internetdə azadlığın müqəddəs dəyər olduğu gələcək, ixtiraların, əməkdaşlıqların və ideyaların silah, neft gəlirləri və təbliğatdan daha vacib olduğu gələcək üçün. Bu gün biz bu gələcək üçün mübarizə aparmalı və keçmişdəki tiranlığa və qüvvələrə qarşı mübarizədə qalib gəlməliyik. Müharibə həqiqət anı və qətiyyətlə hərəkət etmək vaxtıdır. Bunda hamınıza güvənirəm”, - Ukrayna XİN rəhbəri qeyd edib.

Diaspora