İrəvanın Bakıya qarşı 6 şərti - altısı birinə dəyməz!

İrəvanın Bakıya qarşı 6 şərti -  altısı birinə dəyməz! backend

Ermənistanın sülhə qarşı siyasəti davam edir, ermənilərin “sülh istəmirik, sülh sazişi imzalanmasın” bağırtıları...

Rəsmi İrəvan nəhayət ki, haqqında danışdığı və guya Bakının 5 bəndlik sülh təklifini “tamamlayan” 6 şərtini açıqladı. Əgər onlara şərt demək mümkünsə. Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan açıqladığı rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün Bakıya təklif etdiyi 6 bənddən ibarət paketi açıqlayıb.

Təkliflərin birinci bəndində qeyd olunur ki, martın 11-də İrəvan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb və ona cavab olaraq bu sənədi təqdim edirlər.

İkinci bənddə vurğulanır ki, Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. “Ermənistan MDB-nin yaradılması haqqında Azərbaycan Respublikası ilə 8 dekabr 1991-ci il tarixli sazişə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb. Ermənistan onu 1992-ci il fevralın 18-də ratifikasiya edib (yəni imzalanan zaman tərəflər bu struktura qoşularaq bir-birini tanıyıblar)”.

Həmin təkliflərin üçüncü bəndində bildirilir ki, erməni tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.

Dördüncü bənddə erməni tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında göstərilən öhdəliklərin (müharibə əsirlərinin qaytarılması, kommunikasiyaların açılması) yerinə yetirilməsini vacib hesab edib.

Həmin təkliflərin beşinci bəndində isə yazılır ki, Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır. “Sonuncu bənddə isə müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət etdiyini qeyd edib”.

Burada yalnız Dağlıq Qarabağ məsələsində qeyd olunan fikirlər Azərbaycan tərəfindən müzakirə oluna bilər. Müzakirə olunacaq hissə isə statusla əlaqəlidir ki, Bakı da bu şərti qəbul etməyəcək. Çünki Azərbaycan tərəfi Qarabağa hər hansı status vermək fikrində deyil və bunu dəfələrlə açıqlayıb.

Bu bəndlərdən bir daha aydın olur ki, Ermənistan Azərbaycanla ədalətli sülh müqaviləsində maraqlı deyil və sadəcə, vaxt uzatmaqla məşğuldur. Təkcə 2-ci bəndi qeyd eləmək yetər. Orada deyilir ki, guya Ermənistanın Azərbaycana ərazi iddiası yoxdur və ərazi bütövlüyümüzü guya hələ 1992-ci ildə, MDB-yə üzvlük zamanı tanıyıb. Ancaq Ermənistanın hazırda qüvvədə olan indiki konstitusiyasında nəinki Azərbaycana, qardaş Türkiyəyə də rəsmən ərazi iddiası əksini tapıb, üstəlik, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşməsi haqda bədnam bəyanat yer alıb. Yəni İrəvanın həqiqətən ölkəmizə qarşı ərazi iddiası yoxdursa, onda öncə öz konstitusiyasını qaydaya salmalı, beynəlxalq hüquqa uyğunlaşdırmalıdır.

Maraqlıdır ki,  Ermənistanın özündə belə, bu bəndlər kinayəli tənqidə tuş gəlib. Həmin şərtlər elementar diplomatik praktikadan və siyasi intellektdən uzaq “sənəd” adlandırılıb.

Bəs İrəvan özünün bu cür kontrşərtləri ilə vaxtı daha nə qədər uzada bilər?

Politoloq: Ermənistanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət  acınacaqlıdır - AZƏRTAC

 Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquq eksperti Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, rəsmi İrəvan nəhayət Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı təkliflərinə guya cavab verdi. Əslində bu, cavab yox, absurd, heç bir diplomatik, hüquqi əsasları olmayan şərtlərdən ibarət pozuculuğa xidmət edən fikirlərdir: “Ermənistanın sülhə qarşı siyasəti davam etməkdədir. Ermənistan 2020-ci ildə 44 günlük müharibədə məğlubiyyətə uğrayıb. İndi onun qalib Azərbaycana əsassız şərtlər irəli sürməsi özü belə absurddur. Azərbaycanın sülh sazişi üçün Ermənistana verdiyi təkliflərlə, Ermənistanın Azərbaycana irəli sürdüyü təkliflərin arasında məntiqi və hüquqi ziddiyyət göz önündədir. Mahiyyətlərində də nə qədər fərqin olduğunu görmək asandır. Bakının irəli sürdüyü təkliflər-şərtlər tamamilə sülhə xidmət edir, beynəlxalq hüquq normalarına uyğundur, Ermənistanın konstitusiyasına, ərazi bütövlüyünə qarşı deyil. İrəvanın irəli sürdüyü absurd şərtlər isə beynəlxalq hüquqa uyğun deyil, Azərbaycanın qanunlarına, ərazi bütövlüyünə, suverenliyinə qarşıdır. Bu, bir daha Ermənistanın əsl mahiyyətindən, sülhə qarşı olmasından xəbər verir”.

Ekspertin sözlərinə görə, İrəvanın 6 bənddən ibarət irəli sürdüyü sənəd həm də Ermənistan cəmiyyətini aldatmaq məqsədi güdür: “İrəvan bununla guya güclərinin şərt irəli sürmək qədər olduğu haqda erməni cəmiyyətində rəy yaratmaq istəyir.

Eyni zamanda bu, Ermənistanın sülh sazişinin imzalanmasının qarşısını almaq, hazırkı vəziyyəti mümkün qədər uzatmaq istəyini nümayiş etdirir.  Ermənistanın ortaya atdığı həmin şərtlər pozuculuğa xidmət edən, sülhə qarşı köklənmiş şərtlərdir. Təklif adı altında irəli sürülən şərtlər həm də özündə ölünü diriltməyə cəhd mahiyyətini daşıyır. Ermənistan yenə də münaqişəni alovlandırmağa çalışır. Artıq mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsini yenə gündəmə daşıyıb status məsələsini ortaya atmağın başqa adı yoxdur.

Artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri belə Minsk Qrupunun fəaliyyəti barədə danışmırlar, amma İrəvan Minsk Qrupunu diriltməyə çalışır. Ermənilər Azərbaycanın ATƏT-in Minsk Qrupu barədə mövqeyini dəqiq bildiyi halda qəsdən bu mövqeyi ortaya qoyur. Ermənistan şərt irəli sürmək imkanını, statusunu, üstünlüyünü itirmiş ölkə olduğunu bilə-bilə yenə də təxribatçı siyasətini davam etdirir. Heç bir beynəlxalq hüquq normasına, sülh prosesinə uyğun gəlməyən şərtlərin irəli sürülməsi təxribatdır".

X.Bəşirov qeyd etdi ki, baş nazir Nikol Paşinyanın aprel ayında sülh sazişinə hazır olduğu barədə dediklərinin səmimi olmadığını da Ermənistanın irəli sürdüyü həmin 6 şərt sübuta yetirdi: “Ermənistan adlanan terrorçu dövlətin mahiyyətinin dəyişmədiyi, sülhə qarşı olduğu yenidən bütün dünyaya bəlli oldu. Bu gün Ermənistanın küçələrində siyasi qüvvələr, əhali sülhə qarşı şüarlarla aksiyalar keçirir. Bir toplum ki, ”Sülh istəmirik! Sülh sazişi imzalanmasın" şüarları ilə çıxış edir o toplumun təkcə region üçün deyil, dünya üçün də təhlükə olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Bununla ermənilər özlərini dünyada biabır edirlər. Sülhə qarşı çıxışlar etmək dünyada heç cür müsbət qarşılana bilməz. Belə bir cəmiyyətin mövcud olduğu ölkədən sülhə xidmət edən təkliflər gözləməyə dəyməz. Bu cür cəmiyyətdən ancaq təxribatlar gözlənilə bilər ki, buna da hər gün rast gəlirik. Ona görə də Azərbaycan ordusunu gücləndirməli, dünyaya Ermənistanın sülhdən uzaq mövqedə olan ölkə olduğunu daha çox çatdırmalıdır. Biz həm sülh sazişinin tərəfdarı kimi beynəlxalq sənədlərə əsaslanan mövqeyimizi davam etdirməli, həm də ordumuzu gücləndirməliyik. Azərbaycan Ermənistanı sülh sazişini imzalamağa məcbur etmə siyasətini həyata keçirib reallaşdırana qədər prosesi davam etdirəcəyik. Azərbaycan dövləti bu prosesdə addım-addım uğur əldə etməkdədir. Ermənistan sülh sazişinin imzalanması üçün dalana dirənməkdədir. Bu gün Ermənistanın üzv olduğu beynəlxalq təşkilatlar belə, Azərbaycanla sülh sazişi imzalamağa çağırır, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməyə təkid edir. Ermənistan sülh sazişi imzalamağa məcbur olacaq".      


“Yeni Müsavat”

Diaspora