Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.
APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.
***
11:54
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Azərbaycana səfəri başlayır.
APA-nın İstanbul bürosu xəbər verir ki, o, yaxın saatlarda Bakıda olacaq.
Səfər çərçivəsində Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək və Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) iclasında iştirak edəcək.