İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib: “Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”.