Səudiyyə Ərəbistanının Baş prokuroru Şuşaya səfər edib - FOTO

Səudiyyə Ərəbistanının Baş prokuroru Şuşaya səfər edib -  FOTO backend

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Baş Prokurorluqdan verilən xəbərə görə, mayın 11-də nümayəndə heyəti Baş prokuror Kamran Əliyevlə birlikdə Füzuli şəhərinə və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

Qonaqlar ilk öncə “Qarabağın hava qapısı” hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olmuş, onlara bütün müasir və beynəlxalq standartlara cavab verən aeroportda yaradılmış şərait barədə geniş məlumat verilib.

Daha sonra qonaqlar Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olmuş, aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin “Böyük Qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması olduğu diqqətə çatdırılıb.
Nümayəndə heyətinin üzvləri yol boyu erməni qəsbkarları tərəfindən Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olmuş Füzulinin məqsədyönlü olaraq vəhşicəsinə viran edilmiş yaşayış məskənlərinin və infrastruktur obyektlərinin, insanlığı dəhşətə gətirən vandalizmin əyani şahidi olublar.

Daha sonra nümayəndə heyəti İkinci Qarabağ müharibəsində qələbəmizin rəmzlərindən biri hesab edilən rəşadətli Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi “Zəfər yolu” ilə tanış olaraq Şuşa şəhərinə səfər edib.

Qonaqlarla görüşən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Qarabağın incisi Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Bildirilmişdir ki, müstəsna mənəvi, tarixi dəyərə malik olması səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi həssaslıq və qayğı ilə yanaşılmış, qısa zaman ərzində şəhər ərazisində zəruri infrastruktur layihələri icra edilməklə yanaşı memarlıq abidələrin bərpası istiqamətində işlər aparılıb.

Qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində qorunub saxlanmış dünya şöhrətli xadimlərin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər.

Daha sonra, Cıdır düzünü ziyarət edən qonaqlara füsunkar mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran qonaqların sevimli məkanı, eləcə də YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş çövkən oyunları, Novruz bayramı və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.

Nümayəndə heyəti həmçinin, ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Molla Pənah Vaqifin məqbərəsini, eləcə də tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət ediblər.

Qonaqlara 12-14 may tarixlərində Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalının keçiriləcəyi bildirilməklə 1989-1991-ci illərin may ayında Şuşa şəhərində keçirilən beynəlxalq status almış musiqi festivalının 30 illik fasilədən sonra 2021-ci ilin 12–13 may tarixlərində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edildiyi diqqətə çatdırılıb.
Səfərdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr və ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak ediblər.

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

 

Diaspora