Rusiya XİN rəhbərinin 6 milyon yəhudini öldürüb soyqırımı törədən alman faşistinin yəhudi kökənli olduğunu söyləməsi, ardınca Zaxarovanın Ukraynada millətçi “Azov”çularla israilli muzdluların çiyin-çiyinə döyüşdüyünü deməsi aranı qarışdırıb, İsrailin baş naziri üzrxahlıq gözləyir
Rusiya xarici işlər naziri Sergey Lavrovun alman faşizminin lideri Adolf Hitlerin yəhudi kökənli olduğunu iddia etməsindən sonra İsrail Tel-Əvivdəki rus səfiri çağıraraq Moskvanın üzr istəməsini tələb edib. “Yeni Müsavat” xatırladır ki, mayın 1-də İtaliya televiziyası Lavrovla müsahibə zamanı prezident Volodimir Zelenskinin yəhudi olduğu halda Rusiyanın Ukraynanı “denasifikasiya etmək lazım olduğunu necə iddia bilər” deyə sual edib. Lavrov isə cavabında Rusiya prezidenti Vladimir Putinin Ukraynanın “denasifikasiyası” məqsədini müdafiə edərək Zelenskinin yəhudi irsinin Putinin mövqeyini sarsıtmadığını vurğulayıb.
Sitat: “O, belə bir arqument irəli sürür: əgər o, yəhudidirsə, onlarda necə nasifikasiya ola bilər. Səhv edə bilərəm, amma A.Hitlerdə də yəhudi qanı olub. Bunun məsələyə qətiyyən heç bir dəxli yoxdur. Müdrik yəhudi xalqı deyib ki, ən qatı antisemitlər bir qayda olaraq yəhudilərdir. Bizdə deyirlər ki, ”ailə eyibsiz olmur". İsrailin xarici işlər naziri Yair Lapid rus həmkarının açıqlamalarını bağışlanmaz skandal adlandırıb. O deyib ki, “Rusiya ilə yaxşı münasibətlər saxlamaq üçün hər cür səy göstərirlər. ”Hitler yəhudi olub" söyləmək o deməkdir ki, yəhudilər özləri özlərini öldürüblər. Nasistlər yəhudiləri təqib edirdilər, yalnız nasistlər nasist idilər. Yəhudi xalqının sistematik məhv edilməsini yalnız nasistlər həyata keçirirdilər".
Lapid deyib ki, İsrail Lavrovun üzrxahlığını gözləyir. İsrailin baş naziri Naftali Bennet mayın 2-də Lavrovun dediklərini “yalan” adlandırıb və deyib ki, Lavrov əslində bununla yəhudilərin II Dünya müharibəsində qırılmasının təqsirini onların öz üzərinə qoyub.
Həqiqətən də İsrail Rusiya ilə münasibətlərə xüsusi önəm verən azsaylı ölkələrdəndir. Ukraynaya hücumdan sonra İsrail bu təcavüzə seyrçi qalmaqda ittiham olundu və ciddi tənqid edildi. Amma Lavrovun ağzı ilə İsraili öz üstünə qaldırmaq Putinin nəyinə lazım idi? Üstəlik, belə mürəkkəb dövrdə...
Bu da azmış kimi, mayın 4-də İsraildən olan muzdlular Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova da İsraili ittiham edən açıqlama verib. Onun iddialarına görə, İsraildən olan muzdlular Ukraynada “Azov” alayının döyüşçüləri ilə birlikdə vuruşur. “Yenə bir məsələni deyəcəyəm, amma İsraildə indi informasiya kampaniyasını şişirdən siyasətçilər çətin ki, bunu eşitmək istəsinlər. Ola bilsin ki, onlara maraqlı olacaq. Ukraynada hazırda faktiki olaraq israilli muzdlular əslində ”Azov" döyüşçüləri ilə çiyin-çiyinədir", - Zaxarova “Sputnik” radiosunun efirində qeyd edib. Rusiya XİN sözçüsü əlavə edib ki, İsraildə bundan xəbərsiz ola bilməzlər. “Mən videonu, fakturanı, materialları gördüm”, - Zaxarova vurğulayıb. Lavrov İsrail dövlətinin, yəhudi millətinin şərəfinə toxunan, onu ən yaralı yerindən təkrar vuran sözlər dedikdən sonra Zaxarovanın israili muzdluların müharibədə iştirak etməsini söyləməsi Tel-Əvivlə Kremlin münasibətlərini daha da pisləşdirə bilərmi? Bu arada Rusiya Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, İsrail hökuməti “Kiyevdəki neonasist rejimin” dəstəklənməsi kursunu yürüdür.
Üzeyir Cəfərov
Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, Rusiyanın Ukraynada işğal xarakterli hərbi əməliyyatları 1-2 həftə də uğursuzluqla davam etsə, biz Moskvadan bundan da absurd açıqlamaları görə biləcəyik. Ü.Cəfərovun sözlərinə görə, Lavrovun Hitlerin yəhudi olması haqda rüsvayçı çıxışı dünyanı şoka salıb: “Özü də xarici işlər naziri bu fikri görün hansı məqamda deyib. Müharibə gedir, Rusiya izolyasiya edilir, belə vaxtda İsrail kimi normal əlaqələri olan dövləti də itirirlər. Əvvəla, Lavrov neçə ildir ki, xarici işlər naziridir, əgər Hitler haqda nəsə bilirdisə, niyə demirdi, indi dilə gəlib?! Ona görə Rusiyanın uçurumun kandarında olduğu bir vaxtda Lavrovun bu çıxışı ölkəni pis vəziyyətə qoymaqdan başqa bir şey deyil”. Ü.Cəfərov deyir ki, əslində onun bu fikirlərinə təəccüblənmir: “Həmin Sergey Lavrovdur ki, Türkiyədə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşdə ”Biz Ukraynada müharibə aparmırıq, millətçilərlə mübarizə edirik" demişdi. Ukraynada mülki əhalini vuran, doğum evlərini, xəstəxanaları raketlə dağıdan ordunun müharibə aparmadığını deyən diplomatdan Hitler haqda nə deməyini gözləyəsən?!"
Ü.Cəfərov hesab edir ki, Rusiya siyasi-hərbi rəhbərliyi başını itirməkdədir: “BMT Təhlükəsizlik Şurasının nizamnaməsi yenidən hazırlanmalı və Rusiya oradan çıxarılmalıdır. ”Z" ordusunun törətdiyi müharibə cinayətləri göz önündədir, Rusiya hansı haqla BMT Təhlükəsizlik Şurasının üzvü ola bilər?
Ümumiyyətlə, rus rəsmilərinin son açıqlamaları fantastikadır. Gah müharibəyə xüsusi əməliyyat deyirlər, gah neonasistlərə qarşı mübarizə adlandırırlar, gah Ukraynanın NATO-ya üzvlüyü ilə əlaqələndirirlər, gah Şoyqu Putinin verdiyi əmri icra etmir, yəni xaotik bir vəziyyətdir, istənilən absurd hərəkəti və açıqlamanı gözləmək olar".
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Kreml sahibi ekran qarşısında özünü elə aparır ki, sanki Ukraynada işğalçı müharibədə qələbə çalmağa yaxındır, itkiləri yoxdur, Rusiya ərazisində müəmmalı partlayışlar və yanğınlar baş vermir: “O, özünü sakit göstərməyə çalışır, nazirləri şlə iqtisadiyyatı müzakirə edir, ekologiyadan danışır və s. Ancaq daxilən həyəcan içində olduğu aydındır. Kreml sahibi illərdir müharibəyə hazırlaşır, Ukraynanı parçalamaq istəyirdi, 24 fevralda qərarını verdi, ancaq sonluğu fikirləşməyib və ya əvvəlcədən fikirləşdiyini reallaşdıra bilmir. Ağır dərddir. Əsas naziri isə başını elə itirib ki, Hitleri yəhudi adlandırmaqla buna qədər ölkəsinin normal münasibətlərdə olduğu İsraili qəzəbləndirib. Bircə rusiyalı siyasətçilərin və diplomatların antisemit açıqlamaları qalmışdı ki, onu da səsləndirdilər”.
Şahin Cəfərli
Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, Lavrovun Rusiya siyasi elitasındakı antisemit əhvalı büruzə verməsindən sonra İsrail hökuməti Ukraynaya hərbi yardım göstərməyi müzakirəyə çıxarıb: “İsraildən Ukraynaya müdafiə xarakterli hərbi vasitələr təqdim olunacaq. Lakin bundan daha vacib qərar budur ki, İsrail hökuməti digər ölkələrin, məsələn, konkret Estoniyanın İsrail istehsalı olan silahlarını Ukraynaya verməsinə etiraz etməyəcək. Estoniya ordusunda ”Spike" antitank və “Gabriel-5" gəmi əleyhinə raket sistemləri var. Əlbəttə ki, bu qərarlarda rol oynayan əsas amil Lavrovun səriştəsiz davranışı deyil. ABŞ bir müddətdir Ukraynaya kömək etməsi üçün İsrailə təzyiq göstərirdi”.
“Yeni Müsavat”