"Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik"

 "Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik" backend

"Ermənistanda Qarabağdakı müharibəyə Rusiyanın müdaxilə edəcəyinə dair böyük gözləntilər vardı, amma belə olmadı. Çünki Azərbaycan öz ərazisində vuruşurdu".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə çəkməyə çalışıb. Amma həmin təşkilatın mandatı iştirakçı ölkələrin yalnız öz ərazisində xarici təhlükəyə qarşı müdafiəsini nəzərdə tutur.

“Biz öz ərazimizdə vuruşurduq. Ona görə də həmin məsələ baş tutmadı. Amma hamımız bildiyimiz kimi, 44 günlük müharibə boyu mütəmadi olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silahla dolu yük təyyarələri gəlirdi. Biz Rostovdan, Mozdokdan bütün yolları izləyirdik. Biz gürcü dostlarımızdan hava məkanlarını bağlamalarını istədik, onlar da bunu etdilər. Biz gürcü dostlarımızdan Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə silah daşımalarında istifadə olna bilən yerüstü yolunu da bağlamağı istədik, bunu da etdilər, ona görə onlara minnətdarıq. Xəzər sahili ölkələrin hamısına Rusiyadan silah yüklü təyyarələri Ermənistana buraxmamaları üçün məktub göndərdik. Bu məktubları Qazaxıstana, Türkmənistana, İrana göndərdik”, - deyən Prezident təəssüflə əlavə edib ki, həmin təyyarələr Ermənistana sözügedən ölkələr üzərindən uçurdu.

“Belə olub, 44 günlük müharibənin bu üzünü gizləməli deyilik. Amma Ermənistanın gözləntiləri daha çox olub. Onlar elə bilirdi ki, Rusiya ordusu gəlib vuruşmalı, separatçılığı müdafiə etməlidir. Amma bunlar baş vermədi”, - deyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu da Ermənistanda məyusluğa səbəb oldu, çünki illər ərzində onlarda belə bir arxayınlıq yaranmişdı ki, hamı onlara borcludur, onlar üçün vuruşacaqlar, onlara pul verəcəklər. Hər bir ölkənin tarixində faciəli məqamlar var. Onların əsas problemi budur ki, ideologiyalarını məhz bunun üzərində qurublar.

Diaspora