“Hazırda Azərbaycanın əsas diqqəti Qarabağı necə bərpa etməyə və ora keçmiş məcburi köçkünləri tez bir zamanda qaytarmağa yönəlib”.
Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söyləyib.
“Eyni zamanda, açıq şəkildə elan edilmiş, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən sülh gündəliyimiz, təşəbbüslərimiz təkcə Azərbaycan ilə Ermənistan arasında deyil, həm də Cənubi Qafqazda regional inkişafa və regional inkişaf üçün yeni imkanlara yönəlib. Otuz ildir Ermənistanın separatizmi və təcavüzü ucbatından biz bu fürsəti itirmişik, Cənubi Qafqaz inteqrasiya olunmayıb”, - dövlət başçısı bildirib.
Prezident Azərbaycanla Gürcüstan arasında çox sıx əməkdaşlığın olduğunu vurğulayaraq deyib ki, bu, artıq ikitərəfli və beynəlxalq səviyyədə vacibdir: "Lakin Ermənistanda da belə bir anlayış olmalıdır ki, onlar təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər”.