"Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin həmsədr olduqları Qarabağa dair üçtərəfli işçi qrupunun iclası yaxın günlərdə keçiriləcək".
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun dediyinə görə, bu həftə ərzində XİN xəttilə Bakıda təmaslar da nəzərdə tutulur.
Diplomatik nümayəndə qeyd edib ki, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına əsas olaraq yüksək səviyyədəki üçtərəfli razılaşmaları görən Rusiya Bakı və İrəvanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi əlaqələrin və nəqliyyat bağlantılarının açılması, dövlət sərhədinin delimitasiyasına başlanması, sülh sazişinin razılaşdırılması məsələlərində yaxından çalışmağa davam edir.
Rusiya Azərbaycan və Ermənistanın bir-birinə doğru qarşılıqlı addımlar atmağa hazır olduqlarını qeyd edir. Bununla bağlı yüksək səviyyədə üçtərəfli təmaslarla bağlı işlər görüldüyü də diqqətə çatdırılıb.
“Nəticə gətirən formatlarda həqiqi işlər aparılır. Bu və ya başqa şəkildə mövcud formatlarda qalaraq işlərin getdiyini görürük. Başlıca diqqəti həmin formatlara, həqiqi nəticə verən sənədlərin icra olunmasına yetiririk. Bu nəticəni hər kəs, bütövlükdə region hiss edir” – deyə M.Zaxarova fikrini tamamlayıb.