Qənirə Paşayeva Türk Ədəbiyyatı Vəqfinin “Şərəf üzvlüyü”nə layiq görülüb

Qənirə Paşayeva Türk Ədəbiyyatı Vəqfinin “Şərəf üzvlüyü”nə layiq görülüb backend

Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Türk Ədəbiyyatı Vəqfinin “Şərəf üzvlüyü”nə layiq görülüb.

Aprelin 18-də Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Türkiyəli şair, ziyalı, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklını 70 illik yubileyi münasibətiylə komitədə qəbul edib.

Yubilyarı təbrik edən komitə sədri onun Türk dünyası ədəbiyyatının, mədəniyyətinin inkişafındakı yorulmaz fəaliyyətindən bəhs edib: "Sayın Sərhad bəy!

Sizi-imzası Türkiyədə olduğu kimi Azərbaycanda da sevilən, bilinən aydınımızı, Türk Ədəbiyyatı Vəqfinin dəyərli başqanını 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm! Sizin özünüz, daşıdığınız soyad, mənsub olduğunuz ailə, eləcə də başqanı olduğunuz Türk Ədəbiyyat Vəqfi bizlər üçün doğma və əzizdir.
Siz ədəbiyyatın, sənətin estetik dəyərləri, bəşəri çağırışları ilə yanaşı, milli
davamızı, o cümlədən, Azərbaycan həqiqətlərini, qardaşlıq ruhumuzu öz
yaradıcılığınızda təcəlla etdirirsiniz. Bir şair, pedaqoq, ədəbiyyatşünas və yanarürəkli
Türk aydını olaraq böyük şöhrət sahibisiz.
Sizi 70 illik yubileyiniz münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!" 
Bu görüşün S.Kabaklının yubileyi münasibətiylə təşkil olunmuş silsilə tədbirlərin ilki olduğunu vurğulayan komitə sədri bundan sonra paytaxt Bakıda və Sumqayıt şəhərindəki önəmli mədəniyyət qurumlarında möhtəşəm yubiley tədbirləri keçiriləcəyini və S.Kabaklının bu diqqətə layiq olduğunu deyib. 
Görüşdə Türk dövlətlərinin  birliyinin önəmi mövzusunda da geniş müzakirə aparılıb. MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva bildirib ki, "bir millət, iki dövlət" dediyimiz Azərbaycan və Türkiyənin arasına nifaq toxumu səpməyə çalışanlar türk birliyindən qorxanlardır və onların bu niyyəti heç zaman baş tutmayacaq. Sərhad Kabaklı kimi türkün birliyi üçün fədakarcasına çalışan aydınlarımız sayəsində bu birlik daha da qüvvətlənəcək və bütün Türk dünyasına yayılacaq. 
Görüşdə Türk Ədəbiyyatı Vəqifinin və onun nəzdində çap olunan "Türk Ədəbiyyatı" jurnalının fəaliyyəti də geniş müzakirə olunub. Görüşdə iştirak edən jurnalın baş redaktoru İmdat Avşar bu il "Türk Ədəbiyyatı" jurnalının 50-ci ili olduğunu və yazın gələcəkdə bir özəl sayın Şuşaya həsr olunacağını diqqətə çatdırıb. Bu təşəbbüsü alqışlayan Q.Paşayeva yeni təkliflərlə çıxış edib. O bildirib ki, bu il Şuşanın tanınmış ziyalısı, Xan qızı Natəvanın 190 illik yubileyi tamam olur. Natəvan haqqında geniş məlumat verən komitə sədri deyib ki, bu münasibətlə dərginin avqust sayının Natəvana həsr olunması onu Türk dünyasında daha geniş və hərtərəfli tanıtmaq üçün önəmli addım olardı. Bu təklifi məmnuniyyətlə qəbul edən qonaqlar yaxın gələcəkdə "Şuşa İli" və Şuşanın Türk dünyasının Mədəniyyət Paytaxtı elan olunması münasibətiylə şuşalı ziyalıları tanıtmaq və təbliğ etmək məqsədli Mədəniyyət Komitəsi və Türk Ədəbiyyatı Vəqfinin birgə təşkilatçılığı ilə irihəcmli layihələr keçirməyi planlaşdırıblar. 
70 illik yubileyinin ilk tədbirinin Bakıda keçirilməsindən böyük məmnunluq duyan S
Kabaklı bu diqqət və qayğı üçün Komitə sədri Q.Paşayevaya öz minnətdarlığını bildirib və onun Türk Dünyasının birliyinə yönəlmiş fədakar fəaliyyətini yüksək qiymətləndirib. Türk Ədəbiyyatı Vəqfi tərəfindən MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya vəqfin "Şərəf üzvü" diplomu verilib. 
Görüşün sonunda MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva S.Kabaklıya komitənin təbrik məktubunu təqdim edib və qonaqlara Azərbaycan, Qarabağ motivli hədiyyələr verib. 
S.Kabaklı da öz növbəsində Türk Ədəbiyyatı Vəqfinin çap etdiyi uşaq ədəbiyyatı silsiləsini Q.Paşayevaya hədiyyə edib.

Diaspora