Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan Ocağının açılışı baş tutub.
Qaziler.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edərək, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu, bu ilin ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən Şuşa ili elan olunması, xan qızı Xurşidbanu Natəvanın 190 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu bildirib.
O, TÜRKSOY tərəfindən qəbul olunan qərara əsasən gələn il qədim Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyacağını da xüsusi vurğulayıb.
Q.Paşayeva 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmuş özbək aydınlarına minnətdarlığını bildirərək, gəncləri qardaş ölkələrin tarixi, ədəbiyyatını daha çox oxumağa, birlik və bərabərliyin güclənməsi istiqamətində gənc aydınlar olaraq daha fəal olmağa çağırıb.
Termiz Dövlət Universitetinin rektoru, professor Avazjon Maraximov Özbəkistan-Azərbaycan dostluğundan danışıb, belə bir ocağın yaradılmasının dostluğumuzun bariz nümunəsi olduğunu vurğulayıb. Rektor ocağın ərsəyə gəlməsinin təşəbbüskarının Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin olduğunu bildirib. O qeyd edib ki, bundan sonra tələbələrimiz bu məkana gəlib Azərbaycan haqqında ətraflı məlumat ala biləcək və bu ocaq Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi üçün gözəl platforma olacaqdır.
Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yaradılacaq ocaqda kitabxananın fəaliyyət göstərəcəyini, iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair görüşlər, açıq dərslər keçiriləcəyini və gələcəkdə isə onlayn formada Azərbaycan dili kurslarının təşkil olunacağını qeyd edib.
Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri Xurşidbanu Natəvan adına Azərbaycan Ocağına böyük şairə və tanınmış ictimai-siyasi xadimin portretini, onunla bağlı sənət əsərini, dünyaşöhrətli Azərbaycan rəssamı Sakit Məmmədovun, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevanın əsərlərini, Qarabağ motivli hədiyyələri təqdim ediblər. Q.Paşayeva habelə müəllifi olduğu “Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı “İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri ali təhsil ocağına hədiyyə edib.