Qənirə Paşayeva Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılışında çıxış edib

Qənirə Paşayeva Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılışında çıxış edib backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılış mərasimində geniş çıxış edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı Səfirliyinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və “NƏFƏS” İctimai Birliyinin dəstəyi ilə gerçəkləşdirilən tədbirin önəmini vurğulayan Komitə sədri, qardaş xalqlarımızın ortaq keçmişindən, ortaq dəyərlərindən və müstəqillik illərində əldə edilmiş uğurlardan söz açıb:

-Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasını ziyarət etmək, bu mədəniyyət ocağının gülərüz kollektivi ilə tanışlıq bizimçün çox xoşdur. Üstəlik, qardaş Özbəkistanın ən böyük kitabxanasında Azərbaycan fondunun açılış mərasiminə yığışmağımız unudulmaz hadisədir. Çox şadıq ki, Azərbaycanlı həmkarları ilə yaxın dostluq əlaqələrinə malik olan Özbəkistan Milli Kitabxanası, Azərbaycan Mədəniyyət Mərkəzi ilə ortaq layihələr həyata keçirir. Son vaxtlar, Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə Milli kitabxana başda olmaqla, Özbəkistan kitabxanalarına Azərbaycana dair çoxsaylı nəşrlərin hədiyyə olunması dediklərimizə sübutdur. Mən adıkeçən qurum və quruluşlara, qardaş ölkələrimizin kitabxana işinə, mədəni əlaqələrə məsul şəxslərinə, dəyərli aydınlarımıza, müəlliflərə çox minnətdaram ki, bu işi bir könül işi olaraq, sevə-sevə görüblər. Könüllə görülən iş, qardaşların gördüyü iş, kitaba dair görülən işlər öz xəlqi xarakteri, səmimi əməkdaşlıq ruhu ilə seçilir, yeni ideyalar yaradır və böyük gələcək vəd edir.

89d89596-e583-42e7-a9a3-cd1240ef.jpg (211 KB)

Kitabxanalarda Azərbaycan fondlarının və ocaqlarının açılışı sıradan bir iş deyil. Kitab tanıtımları, müəlliflərin, mədəniyyət işçiləri və incəsənət xadimlərimizin, müxtəlif əməli fəaliyyət sahələri üzrə ixtisaslaşmış aydınlarımızın iştirakı ilə imza günlərinin, müzakirələrin, sərgilərin keçiriləcəyi belə ocaqların mövcudluğu çox vacibdir. Belə fondlar, ocaqlar qardaşlıq sevgimizi, dostluğumuzu intellektual, praktik müstəviyə daşıyan ünvanlardır. Biz sevgimizi bilgi ilə, bir-birimizi daha yaxından öyrənməklə daha da böyüdürük.

Çox şadıq ki, ulularımızın, klassiklərimizin qardaşlıq, dostluq bağlarını, ideallarını yaşadan yeni nəsillərimiz, istedadlı yaradıcı gənclərimiz var.
Nizamini özünə ustad bilən, türkcə “Xəmsə” yaradan Nəvainin timsalında, Çolpanla Hüseyn Cavidin, Maqsud Şeyxzadə ilə Xalid Səid Xocayevin oxşar taleləri misalında şəxsiyyətlərin tarixdəki yerini, rolunu bir daha görürük, idrak edirik. Bu fikir babalarımızın irsi Azərbaycanda da, Özbəkistanda da əzizdir, doğmadır.

Biz Özbəkistanın uğurlarını öz uğurumuz bilir, Özbəkistanın hər hansı problemini də yenə öz problemimiz sanırıq. Bilirik ki, Azərbaycana münasibətdə də özbək qardaş-bacılarımız eyni həssasiyyəti göstərir. Bu həssasiyyəti 2020-ci ilin iyulunda baş verən Tovuz Döyüşlərində, 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Azərbaycan Vətən Müharibəsində bir daha və biləvasitə gördük. Özbək xalqına və dövlətinə, özbək aydınlarına mənəvi dəstəyə görə çox minnətdarıq.

66cc3a56-ce21-40ed-85ce-f2e74314.jpg (194 KB)

Bəli, Azərbaycanın tarixi Zəfəri bölgədə yeni reallıq yaradıb. Artıq heç kəsdə şübhə yoxdur ki, Azərbaycanın tarixi Zəfəri bütün Türk dünyası üçün yeni imkanlar açıb. Burada iqtisadi, ticari, əlverişli nəqliyyat imkanları öz yerində, mədəni mübadilə üçün də yeni imkanlar açılıb. Bilirsiz ki, Azərbaycanın Şuşa şəhəri Qafqazın konservatoriyası adlandırılır. 270 yaşlı Şuşa Azərbaycan milli mədəni varlığının ayrılmaz parçası olmaqla yanaşı, ötən ildən rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı statusu qazanıb. Prezidentin Sərəncamı ilə bu il Azərbaycanda Şuşa İli elan edilib. Gələn il isə Şuşa Türk dünyasının Mədəniyyət Paytaxtı olacaq – artıq bu barədə müvafiq qərar qəbul edilib. Gözlənildiyi üzərə, 2024-cü ildə İslam dünyasının Paytaxtı statusunu da Şuşa şəhəri daşıyacaq. Beləliklə, bu mühüm səbəblərlə, habelə beynəlxalq səviyyədə keçiriləcək “Xarı bülbül” festivalı, “Vaqif Poeziya Günləri”ndə özbək sənətçiləri, şair-yazarlar, yaradıcı insanlar Şuşaya səfər edəcək.

30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması nəticəsində Şuşadakı mədəniyyət ocaqları, kitabxanalar, muzeylər, məscidlər, abidələr, qəbristanlıqlar dağıdılmışdır. Şuşa azad olunandan sonra abidələrin bərpası, məhv edilmiş kitabxanaların yenidən qurulması, bir sözlə, işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə, azadlıqdan abadlığa sürətli və keyfiyyətli keçid baş verməkdədir. Şuşada, ümumən işğaldan azad edilmiş Azərbaycan torpaqlarında görülən işlər qardaş ölkələrdə, dostlarımızda qürur hissi yaradacaqdır. Çox şadıq ki, bu bərpa, quruculuq işlərinə dəstək nümayiş etdirən qardaş Özbəkistan həmin ərazilərin bərpası üçün öz köməyini təklif edib. Özbək inşaatçılar o ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Üstəlik, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcəkdir.

eaf7e098-2d64-4103-b5b7-974e2464.jpg (103 KB)

Xalqlarımızın dost, qardaş münasibətləri, mədəni və ədəbi əlaqələrimiz haqqında günlərlə danışa bilərik. Günü-gündən yüksələn, inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığında mədəniyyət, incəsənət xadimlərinin, şairlərimizin, yazıçılarımızın yeri və rolu qürurvericidir. Bu münasibətlər tarixən inkişafda olub, zamanın sınaqlarından çıxıb, möhkəmlənib.

İki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafından hamımız haqlı olaraq, sevinc, fərəh, qürur hissi keçiririk. Sistemli işlər nəticəsində mədəniyyət, incəsənət, digər əməli fəaliyyət sahələri üzrə işbirliyi platformaları qurulub. Bu işlərdə dövlət başçılarımızın xidmətlərini minnətdarlıqla qeyd edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevlə yaxın dostluq və qardşlığı bizlər üçün bir örnək təşkil edir.
Ötən il Türk Şurasının İstanbulda keçirilən toplantısında Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsi hamımızın böyük tarixi uğurudur.
Ötən günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarova Özbəkistana rəsmi səfərdəydi və səfər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar parlamentlərimiz arasındakı işbirliyi üçün yeni üfüqlər açacaq.
Qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olması bütün Türk dünyası üçün əlverişlidir.
Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, o cümlədən Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günləri hörmətə layiqdir.
Münasibətlərin bu səviyyədə olmasında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu qeyd etməkdən şadam.
Yaşasın Azərbaycan-Özbəkistan dostluğu və qardaşlığı!
Çox sağ olun!

d4922144-3acd-4441-bc1a-c936c530.jpg (115 KB)

Qeyd edək ki, Özbəkistan Milli Kitabxanasında yaradılan Azərbaycan fonduna 400 adda nəşr hədiyyə olunub.

Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında işbirliyinə dair Memorandum imzalanıb.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən “Azərbaycan və özbək atalar sözləri” ikidilli nəşrin təqdimatı da keçirilib. Təqdimat mərasimində Azərbaycanlı və Özbək alimlər məruzələr edib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və Azərbaycan nümayəndə heyətinə daxil olan digər şəxslər çıxış edərək 2 qardaş ölkə Azərbaycan və Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlığın və əlaqələrin güclənməsinin vacibliyini xüsusi vurğulayıblar və bu istiqamətdə hər zaman dəstəyə hazır olduqlarını bildiriblər.
MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva dünyaşöhrətli Azərbaycan rəssamı Sakit Məmmədovun “Azərbaycan qızı və Özbək qızı” əsərinin nüsxəsini, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevanın “Xarı bülbül” əsərini, habelə “Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı “İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri Milli Kitabxanaya hədiyyə edib.

loading...
Diaspora