Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə AZƏRTAC məlumat verib.

Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.

Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb.

Tərəflər ikitərəfli münasibətlərin cari gündəliyi üzrə sıx əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı niyyəti bir daha ifadə ediblər.

*****

16.39

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı aprelin 6-da Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların nəticələri müzakirə edilib.

Eyni zamanda, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların tam şəkildə icrasının, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üzrə üçtərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

Prezidentlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərə başlanılması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması məsələlərini də müzakirə ediblər.

Diaspora