BQXK: Təşkilatın saxlanılan şəxsi azad etmək hüququ yoxdur

BQXK: Təşkilatın saxlanılan şəxsi azad etmək hüququ yoxdur backend

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) saxlanılan şəxsi azad etmək hüququ yoxdur”.

Bunu Apa-nın sorğusuna cavab olaraq BQXK Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, BQXK saxlanılan şəxslərin azad edilməsi prosesinə təsir göstərmir.

“Bu, yalnız həbs edən orqanların səlahiyyətindədir”, - İlahə Hüseynova əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq silahlı münaqişə tərəflərinin öhdəliklərini müəyyən edən ümumi qaydalar toplusudur: “Beynəlxalq humanitar hüquq münaqişədə iştirak etməyənləri - xəstə, yaralı və əsir götürülənləri, tibb işçiləri və mülki şəxsləri qoruyur. Hər bir tərəf yaralılara, xəstələrə və əsirlərin qayğısına qalmaq, mülki şəxsləri qorumaq, itkin düşmələrin qarşısını almaq, itkin düşənlərin taleyini aydınlaşdırmaq yönündə bütün lazımi addımları atmağa məsuliyyət daşıyır”.

İlahə Hüseynova qeyd edib ki, mandatına uyğun olaraq BQXK silahlı münaqişə ilə əlaqədar saxlanılan şəxslərə baş çəkir, bu insanlarla rəftarı və saxlanma şəraitini qiymətləndirir və saxlanılan şəxslərin ailələri ilə əlaqə yaratmalarına köməklik göstərir: “BQXK başçəkmələrlə bağlı nəticələri ictimailəşdirməmək şərti ilə - konfidensial və ikitərəfli qaydada məsul orqanlarla müzakirə edir. BQXK-nın saxlanılan şəxsi azad etmək hüququ yoxdur”.

O, bir daha diqqətə çatdırıb ki, BQXK münaqişənin təsirinə məruz qalan insanlar, onların ailələri və hakimiyyət orqanları ilə ikitərəfli konfidensial dialoq əsasında ünsiyyətdə olur: “Taleyi məlum olmayan şəxslər İtkin düşmüş şəxslərin siyahısına daxil edilir və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının onların taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində həyata keçirdiyi səylərə dəstək veririk”.

Xatırladaq ki, ötən gün mediada Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə evlərinə göndərdiyi məktub yayımlanıb. Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Edilli kəndində saxlanıldığını yazıb və ailəsindən onu əsirlikdən qurtarmalarına kömək göstərmələrini istəyib.

Diaspora