"Mina ilə bağlı tədbirlər post-münaqişə dövründə bütün insanlar və cəmiyyyətlərin təhlükəsizliyini təmin etmək üçün vacibdir".
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
"Mina təhlükəsi qaldığı halda insanların öz torpaqlarına qayıtması və orda məskunlaşması çətindir və təhlükəlidir. Bunun üçün mütləq minaları aradan qaldırmalıyıq. Dünyada minatəmizləmə sahəsində aparılan işlərə baxmayaraq, minalar ciddi problem olaraq qalmaqda davam edir. Son il yarımda Azərbaycanda 100-dən çox şəxs minaların qurbanı olub”, - o deyib.
V.Andreyeva BMT agentliklərinin çoxdandır ANAMA ilə əməkdaşlıq etdiyini vurğulayaraq, bu sahədə əlaqələri aktivləşdirməyə çağırıb. Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının və digər sahələrin inkişafı baxımından zəruridir.
O, bu il Azərbaycan və BMT arasında münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladaraq, bu ilin əməkdaşlıq baxımından çox vacib olduğunu diqqətə çatdırıb. (ednews.net)