Rusiyalı oliqarx Roman Abramoviç nədən Moskva ilə Kiyev arasında vasitəçilik edir və nədən hər iki tərəf onun vasitəçiliyinə ehtiyac duyur?
Qaziler.az xəbər verir ki, bu sualına politoloq Elxan Şahinoğlu özü ətraflı cavab yazıb:
Roman Abramoviçin rusiyalı oliqarxlar arasında xüsusi yeri var. O 1990-cı illərin əvvəllərində varlandıqdan və oliqarxa çevrildikdən sonra Londonda qərar tutdu, ingilislərin rəğbətini qazanmaq üçün məşhur futbol klubu “Çelsi”ni aldı. Bu klubun elə böyük uğurları yox idi. Ancaq elə ki, işin başına Abramoviç keçdi və rusiyalı milyarder sandığın ağzını açdı, klubun uğurları ildən-ilə artdı. Rusiya prezidenti Vladimir Putin Abramoviçi Londona elə-belə buraxmadı. O Abramoviçi bir ara Rusiyanın ən ağır bölgələrindən – Çukotkaya qubernator təyin etdi. Putinin məqsədi o idi ki, Abramoviç yığdıqlarının bir hissəsini Rusiyanın soyuq bölgəsi üçün də xərcləsin. Abramoviç simiclik etmədi, bölgəyə xeyli yatırım qoydu. Abramoviç Çukotkaya kifayət qədər pul xərclədikdən sonra Putindən onu buraxmasını istədi. Putin ona mane olmadı və Abramoviç bir daha dəbdəbəli Londondan soyuq Çukotkaya getmədi.
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda Abramoviçin də ağır günləri başladı. O tələsik “Çelsi” ilə vidalaşdı, onun Qərbdəki bank hesabları donduruldu, bahalı gəmisi sanksiya altına düşdü. Abramoviç bu ağır vəziyyətdə ağlını işə saldı və topladığı pulları və mülkləri itirməmək üçün Kiyevlə Moskvaya vasitəçiliyini təklif etdi. Bu təklif Ukrayna prezidenti Volodimir Zelenskinin xoşuna gəldi və təsadüfi deyil ki, o Abramoviç üçün Qərbə ağız açdı ki, ona qarşı sanksiyalar tətbiq olunmasın. Putin də Abramoviçin vasitəçiliyinə etiraz etmədi. Kiyevlə danışıqlar aparmaq üçün Putinə rəsmi kanallarla yanaşı qeyri-rəsmi kanallar da lazımdır və Abramoviç həmin funksiyasını yerinə yetirməyə başladı.
Roman Abramoviç İstanbuldakı danışıqlarda müşahidəçi kimi iştirak edib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın əlini sıxan Abramoviç ona minnətdarlığını bildirib. Türkiyə mediası günlərdir bu haqda yazır, reportajlar yayımlayır. Rusiya ilə Ukrayna arasında hər hansı razılaşma əldə olunarsa, bunda Abramoviçin də kiçik rolu olacaq. Abramoviç düşünür ki, bəlkə onun bu roluna görə Qərb ondan əl çəkər və o banklardakı hesablarını, London və digər şəhərlərdəki mülklərini geri qaytara bilər.