Ukrayna-Rusiya danışıqları baş tutdu; tərəflər şərtləri açıqladılar, son qərarı prezidentlər verəcək; politoloq: “Türkiyəni həm Ukrayna, həm də Rusiya qəbul edir”
Martın 29-da yenə də bütün dünyanın diqqəti Türkiyənin İstanbul şəhərinə yönəldi. Qardaş ölkə və onun lideri növbəti dəfə “Yurdda sülh, cahanda barış” ənənəsinə sadiqlik nümayiş etdirərək, dünyanı təhdid edən dəhşətli nüvə toqquşmasının qarşısını almaqdan ötrü Rusiya-Ukrayna nümayəndələrinin görüşünə ev sahibliyi etdi.
Hər iki ölkənin nümayəndə heyətinin bir gün qabaqcadan gəldiyi İstanbulda, xüsusilə də nümayəndə heyətlərinin görüşünün keçiriləcəyi tarixi Dolmabağça sarayının yerləşdiyi rayonda təhlükəsizlik tədbirləri gücləndirilib. Əvvəlcə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıqların aparılacağı yerə gəlib.
Görüşdən az öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula təşrif buyuraraq, Bakı vaxti ilə saat 11.30-da Dolmabağçadakı zalda bir araya gələn nümayəndə heyətləri ilə görüşüb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıq iştirakçıları qarşısındakı çıxışında tərəfləri atəşkəsə çağırıb və hərbi əməliyyatların davam etdirilməsinin heç kimə sərfəli olmadığını bildirib. O, tərəflər arasında aparılan danışıqların real nəticələrinin vaxtının yetişdiyini vurğulayıb. “Dünya sizdən gələn müjdələri gözləyir”, Türkiyə Prezidenti Rusiya və Ukrayna nümayəndələrinə xitabən söyləyib. “Sizin müzakirələrdə əldə etdiyiniz nəticə növbəti mərhələdə liderlər səviyyəsində təması da təmin edə bilər”, - Ərdoğan deyib. Türkiyə lideri qeyd edib ki, Türkiyə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin görüşünə ev sahibliyi etməyə hazırdır. “Göstərdiyiniz səylərə görə sizi təbrik edirəm. Davam edən toqquşma qonşunuz və dostunuz olaraq bizi narahat edir. Dövlət rəhbərləriniz başda olmaqla bir çox rəsmilərinizlə təmasdayıq. Bütün beynəlxalq platformalarda hər iki tərəfin maraqlarına uyğun mövqe ifadə etdik. Məsuliyyəti üzərimizə götürməkdən çəkinmədik. Müharibənin uzanması heç kimin maraqlarına uyğun deyil. Artıq müzakirələrin uğurlu nəticələri olmalıdır”, - R.T.Ərdoğan bildirib. O bildirib ki, Türkiyə bu məsələdə hər iki tərəflə bağlı ədalətli mövqe tutub: “Atəşkəs və sülhün bərqərar olması hər kəsin xeyrinə olacaq. Türkiyə tərəflər üçün lazım olan asanlaşdırıcı addımları atmağa hazırdır. Danışıqlar masasında nail oluna biləcək irəliləyiş sülh üçün önəmlidir. Həll yoluna nail olacağınıza inanıram. Bu danışıqlarda hər birinizə uğurlar diləyirəm”.
Rusiya və Ukrayna nümayəndə heyətləri Türk liderin çıxışını ayaq üstə, böyük hörmətlə alqışlayıblar ki, bu da mediada və sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub, geniş müzakirə olunub.
Daha sonra İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin qapalı görüşü başlayıb. Görüşdən sonra bəzi açıqlamalar verilib. Rusiya və Ukrayna arasında danışıqlar heyətinin İstanbulda keçirilən görüşünün birinci raundu başa çatıb. Bu barədə APA-nın Türkiyə müxbirinə Ukrayna nümayəndə heyətindən məlumat verilib. Məlumata görə, danışıqların gedişində Ukrayna Rusiyaya təhlükəsizliyi ilə bağlı təkliflərini təqdim edib. Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiyanın sözlərinə görə, ölkəsi BMT TŞ-nın 5 daimi üzvünün, habelə Kanada, Polşa, İsrail və Türkiyənin Ukraynanın təhlükəsizliyinin qarantı olaraq görmək istəyir. Araxamiya əlavə edib ki, təhlükəsizlik qarantiyası məsələsində anlaşma əldə edilməyib.
Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb. Bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya brifinqdə deyib.
“Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu, tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün, ilk növbədə, Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”, - o vurğulayıb.
D.Araxamiya vurğulayıb ki, Rusiya qoşunları Ukrayna ərazisini tərk etməlidir: “Düşmən hərbçilər ərazimizdə olduğu təqdirdə heç bir anlaşma imzalaya bilmərik. Çünki hamımız Vyana Konvensiyasına qoşulmuşuq. Bunu Rusiya heyətinə də bildirmişik. Bundan başqa, Ukraynanın 3 milyondan çox qaçqını da ölkəsinə qayıtmalıdır”.
Ukrayna Rusiyanı 15 il ərzində Krım məsələsini hərbi yolla həll etməyəcəkləri ilə razılaşmağa dəvət edib. (APA) Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, İstanbulda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin nümayəndələri Rusiyaya iki ölkənin Krım və Sevastopolla bağlı mövqelərini razılaşmada müəyyən etməyi təklif ediblər. Onun sözlərinə görə, 15 il ərzində Krımın və Sevastopolun statusu ilə bağlı ikitərəfli danışıqların aparılması təklif olunur. Ayrı bir bənddə Ukrayna tərəfi bu müddət ərzində danışıqların getdiyi bir vaxtda Ukrayna və Rusiyanın Krım məsələsini həll etmək üçün silahlı qüvvələrdən istifadə etməyəcəyinin qeyd olunmasını təklif edib.
İstanbulda Ukrayna rəsmiləri ilə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də açıqlama verib. O deyib ki, Rusiya Ukraynanın təkliflərini nəzərdə keçirəcək. Təkliflər barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə olunacaq. Rusiya təmsilçisi əlavə edib ki, Vladimir Putinlə Vladimir Zelenski arasında görüş hər iki ölkənin XİN başçısının əldə ediləcək razılaşmanı imzalaması ilə paralel baş tuta bilər.
Görüş günü ilginc məlumat yayılıb. Belə ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İstanbulda danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Rusiya nümayəndə heyəti ilə müzakirələrdə yeyib-içməməyi xəbərdarlıq edib. Bu barədə Kuleba ölkənin yerli televiziya kanalına müsahibəsində danışıb. “Rusiya Federasiyası ilə danışıqlara gedən hər kəsə nə isə yeməməyi, içməməyi, eləcə də səthlərə toxunmamağı tövsiyə edirəm”, - deyə Kuleba qeyd edib.
Xatırladaq ki, “Bellingcat” tədqiqatlar qrupunun məlumatına görə, Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş nümayəndə heyətinin üç üzvünün kimyəvi silahdan zəhərlənmə əlamətləri hiss etdiyi bildirilir. Onlardan birinin rusiyalı oliqarx Roman Abramoviç olduğu iddia edilib. Bu məqamda qeyd edək ki, məlumata görə, rusiyalı milyarder Roman Abramoviç də martın 29-da Rusiya və Ukrayna arasında danışıqların keçirildiyi İstanbula gəlib.
Görüşün keçirildiyi gün Ukrayna ilə savaş davam etsə də, bəzi istiqamətlərdə səngimə müşahidə olunub. Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətində hərbi fəaliyyəti kəskin şəkildə azaltmaq qərarına gəlib. Bu barədə İstanbulda Rusiya-Ukrayna danışıqlarında iştirak edən, Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin bildirib.
Axşam saatlarında xəbər yayıldı ki, Rusiya Kiyev ətrafından qoşunlarını geri çəkəcəyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı hərbi təcavüzdə taktikanı dəyişdiyini rəsmən elan edib. Rusiya komandanlığı Kiyev və Çerniqov istiqamətlərində “hərbi aktivliyin kardinal şəkildə ixtisar edilməsinə” dair qərar verib. Bu haqda TASS bildirir.
Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin “kardinal şəkildə ixtisar edilməsi” qərarını Ukrayna ilə danışıqların “praktiki müstəviyə keçməsi” ilə əsaslandırıb.
“Ukrayna ilə danışıqların praktiki müstəviyə keçməsi ilə əlaqədar Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi dəfələrlə azaltmaq qərara alınıb”,-müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi hesab edir ki, Kiyev də müvafiq qərar qəbul edəcək və “sonrakı normal iş üçün şərait yaradacaq”. Fomin də İstanbulda keçirilən danışıqların yekunlarına əsasən Kiyevi “əsirlərə qarşı Cenevrə konvensiyasına əməl etməyə” çağırıb. Bundan əvvəl isə müdafiə naziri Sergey Şoyqu Ukraynadakı “xüsusi əməliyyatın” əsas məqsədlərinin “yerinə yetirildiyini”, nəticədə “başlıca məqsədə”-Donbassın “azad edilməsinə” diqqəti cəmləşdirməyə imkan yarandığını bildirib. O, “qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə qədər xüsusi əməliyyatın davam edəcəyini” də əlavə edib.
Rusiyanın sərt mövqeyinə baxmayaraq, Ukrayna tərəfi də geri çəkilməyəcəyini növbəti dəfə bəyan edib.
David Araxamiya
“Biz yalnız bütün dünyanın qəbul etdiyi Ukrayna sərhədlərini tanıyırıq. Heç bir güzəşt olmayacaq”. Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri görüşdən sonra David Araxamiya Teleqramda yazıb. “Bizim ilk qələbəmiz danışıqların Belarusdan Türkiyəyə keçirilməsindir. Biz Türkiyəni Ukrayna üçün təhlükəsizlik təminatlarından biri kimi görürük. Dünyanın təhlükəsizlik sisteminin çatladığını bilirik. Bizim təklifimiz var, biz format üzərində işləyirik, lakin Ukrayna üçün yeni təhlükəsizlik təminatı sistemi haqqında heç nə imzalamırıq. Bu, ratifikasiya olunası yeni beynəlxalq müqavilədir. Biz Budapeşt Memorandumundan çox şey öyrənmişik. İşğal olunmuş ərazi məsələsi kimi həll olunmamış problemlərimiz var, ona görə də təminatçılar bu ərazilərdə işləməyəcək. Bəzi ölkələr artıq əvvəlcədən razılıq veriblər. Bu bizim Ukrayna üçün yeni gələcək qurmaq istədiyimiz sistemdir. Həmçinin bu qarantlar Avropa İttifaqına qoşulmağa kömək etməlidir”, - rəsmi Kiyevin nümayəndəsi vurğulayıb.
Ukrayna ilə sülh danışıqları üçün İstanbula gələn Rusiya nümayəndə heyəti 29 martda Moskvaya geri qayıdıb. “RİA Novosti” bu haqda Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb. Bununla da danışıqların ikinci raundu ilə bağlı gözləntilər boşa çıxıb. İstisna deyil ki, heyətlər danışıqların nəticələrini liderlərə məruzə etmək üçün evlərinə dönüblər. İstənilən halda, Türkiyə növbəti dəfə bütün dünyanın bacarmadığı işin öhdəsindən gəlməyi bacardı və daha yüksək nəticələrə ümid etmək üçün kifayət qədər əsaslar var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, əsas məsələlərdən biri Türkiyənin vasitəçilik təşəbbüslərini uğurla davam etdirməsidir: “Türkiyə önəmli rola malikdir və hər iki tərəf Ankaranın rolunu yüksək qiymələndirir. Əlbəttə, mən də sizinlə razıyam ki, nəticədən danışmaq tezdir. Çünki gərək birinci Rusiya prezidenti qərar versin ki, müharibəni dayandırır, ya yox?! Amma artıq müəyyən işartılar da gəlir, Rusiya müdafiə naziri Kiyevlə bağlı açıqlamalar verib, Ukrayna paytaxtına hücumları müvəqqəti dayandıra bilər”. E.Şahinoğlunun yanaşmasına görə, əslində bu, güzəşt deyil: “Yəqin ki, gücləri tükənir, resursları yoxdur. Bu da münaqişənin həlli deyil. Çünki Kiyev məsələsi başqadır, amma Xersonu işğal ediblər, quru yolu ələ keçiriblər, Donbasla bağlı vəziyyət gərgindir, bu məsələlərlə bağlı müzakirələr gələcəyin müzakirə predmetidir”. Amma politoloq istənilən halda danışıqların davamını faydalı sayır və növbəti ev sahibi kimi də Türkiyəni görür: “Türkiyədə geniş fikir mübadiləsinin aparılması mühüm məsələdir. Ən əsası odur ki, Ukrayna neytral statusa razıdır, bunu bir daha vurğulayıb. Bu da irəlilləyişdir. Əgər XİN rəhbərləri və prezidentlər görüşəcəksə, ən yaxşı məkan yenə də Türkiyədir. Çünki Belarus Rusiyanın müttəfiqi kimi çıxış edir, Ukrayna rəsmiləri ora getmək istəmir. Türkiyəni həm Ukrayna, həm də Rusiya qəbul edir. Həmçinin Türkiyə sanksiyalara da qoşulmayıb, hər iki ölkə ilə normal münasibətləri var. Ona görə də güman edirəm ki, əgər Putin görüşə razılaşaqsa, görüş yeri kimi ən yaxşı məkan elə Türkiyə ərazisi olacaq”.
Musavat.com