Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə məktub ünvanlayıb.
Apa xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə mənə ünvanladığınız məktuba görə təşəkkür edirəm. Mən də Sizi və dost xalqınızı bu əlamətdar hadisə ilə şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlığın, dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur və bu münasibətlər bizim üçün çox əhəmiyyətlidir.
Ötən illər ərzində Azərbaycan ilə Misir arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.