Azərbaycan ordusu artıq Fərrux yüksəkliyindədir və bu, qürurvericidir. Son olaraq belə xəbər yayıldı ki, digər istiqamətlərdə də erməni hərbi birləşmələrinə torpaqları tərk etməklə bağlı xəbərdarlıq edilib. Bu isə o deməkdir ki, əsas məqsədimiz erməni terrorçu qruplarını və əlində silah olan şəxsləri Qarabağın dağlıq hissəsindən çıxarılmasıdır.
Qaziler.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov Musavat.com-a açıqlamasında deyib.
Azərbaycan ordusunun Fərrux zəfərindən bəhs edən ekspert bunları söylədi:
“Son vaxtlar qanunsuz erməni silahlıları yazın gəlişinə hazırlaşaraq, müxtəlif istehkamlar tikirdilər, Rusiya sülhməramlılarının gözü qarşısında müdafiə sistemlərinin quraşdırılması işini davam etdirirdilər. Buna görə də Bakı ilə sülhməramlıların komandanlığı arasında bəzi ziddiyyətlər yaranmışdı. Sülhməramlılara da xəbərdarlıq edilmişdi ki, qanunsuz fəaliyyətlə məşğul olan quldur ermənilər Azərbaycan ərazisindən çıxarılmalıdır. Sülhməramlılar bunu etmədilər, əvəzində isə təbii ki, Azərbaycan Ordusu səssiz şəkildə, əvvəlcədən müxtəlif dairələri, həmçinin Rusiyanı xəbərdar edərək, həmin bölgədəki erməni hərbçilərini yığışdırdı. Hansı ki, həmin təxribatçı qüvvələr dünənə qədər Fərrux yüksəkliklərində yerləşirdilər, bu gün onlar artıq Əsgəran istiqamətindəki separatçıların yanına sıxışdırılıblar. Həmin separatçılar başa düşməlidir ki, bir erməni silahlısı belə, Azərbaycan ərazisində qalmayacaq”.
Z.Məmmədov qeyd etdi ki, üçtərəfli bəyanata qarant olan Rusiya bu məsələlərə səssiz qalmalı, Azərbaycan Ordusunun ədalətli sülhü bərpa etməsinə imkan yaratmalıdır, əks təqdirdə isə bu ziddiyyət artıq iki ölkə arasındakı münasibətlərdə bir sıra suallar doğuracaq:
“Hər halda baş verənlər bir daha bunu göstərir ki, üçtərəfli bəyanatda əsas məqam olan məsələ - Rusiya sülhməramlılarının bölgəyə gəlişi ilə erməni silahlı qüvvələrinin oradan çıxarılması yerinə yetirilməyib. Bu, artıq ciddi şəkildə erməni silahlıları ilə Azərbaycan Ordusu arasında konfliktin hərbi əməliyyatlar fazasına keçməsinə əsas yaradır. Ona görə də əgər kimsə hərbçilərin söz deməsinə imkan vermək istəmirsə, o zaman diplomatiya işə salınmalıdır. Separatçılara başa salınmalıdır ki, onlar Azərbaycan ərazilərindən çıxmalıdırlar. Lakin əlbəttə, biz bilirik ki, separatçıların, əlisilahlı şəxslərin orda olması bəzi qüvvələrə sərf etməkdədir. Həmin qüvvələr vaxtın uzadılması, Zəngəzur dəhlizinin reallaşmaması, eyni zamanda Qarabağın dağlıq hissəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında ziddiyyətlərin davamlılığında maraqlıdırlar. Ümumiyyətlə, bəzi qonşularımız, cənubdakı və şimaldakı bəzi qüvvələr Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun başlamasında və münasibətlərin mülayimləşməsində maraqlı deyillər. Düşünürlər ki, münaqişənin qalması onların geosiyasi maraqlarının həyata keçirilməsinə kömək edəcək”.