Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan icması “Şuşa ili”nə həsr olunmuş tədbir keçirib.
Qaziler.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Niderlanddakı səfirliyinin,
Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşları, UNESCO-nun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri istirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova Şuşa haqqında məlumat verib. Bildirib ki, tədbirin əsas məqsədi niderlandlılarla birlikdə virtual olaraq Şuşaya səyahət etməkdir. “Şuşa, ümumiyyətlə, Qarabağ hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərancamına əsasən, Şuşa şəhəri vətənimizin mədəniyyət paytaxtı elan edilib. Bu il isə cənab Prezidentin müvafiq Sərəncamı ilə ölkəmizdə “Şuşa ili” elan edilib. Ümummilli lider Heydər Əliyevin dediyi bir çümləni təkrar etmək istəyirəm: Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil", - deyə cəmiyyətin sədri nəzərə çatdırıb.
Sonra Azərbaycanın mədəniyyət paytaxtından bəhs edən film nümayiş olunub.
Tədbirin bədii hissəsində Cavid Səlimov (tar), Elcan Rzayev (piano/vokal), Firəngiz Bağırova (vokal), Xəyyam Məmmədov (kamança), Vüsalə Cabir (xanəndə), Ayan Məmmədli (piano) çıxış ediblər. Azərbaycan və dünya müsiqisini təqdim edən ifaçıların çıxışları alqışlarla qarşılanıb.
Tədbirdən sonra yerli sakinlər Azərbaycan musiqisinin ecazkarlığına heyran olduqlarını bildiriblər.