Rusiyalı milyarder Roman Abramoviçin Rusiya-Ukrayna danışıqlarında iştirakına RF Prezidenti Vladimir Putin şəxsən razılıq veribmiş.
Bu barədə “Financial Times” yazır.
Bildirilir ki, Abramoviç Ukrayna Prezidenti Aparatının yüksək vəzifəli nümayəndəsi ilə görüşüb.
Ukraynalı siyasətçi və biznesmen, Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya Abramoviçin danışıqlarda aktiv iştirakını FT-yə təsdiqləyib. Ukrayna nümayəndə heyətinin tərkibində olan Araxamiyanın sözlərinə görə, hələ fevralın 28-də Qomeldə baş tutan danışıqların ilkin mərhələsində özü də Abramoviçlə görüşüb. Rusiyalı milyarder isə prosesə beynəlxalq yəhudi icması vasitəsilə qatılıb.
Eyni zamanda, qəzetin yazdığına görə, vəziyyətlə tanış olan qərb məmurları Abramoviçin danışıqlar prosesində hansısa rol oynadığına şübhə edirlər. Onların bəziləri bu fikirdədir ki, Abramoviç sanksiyalara düşməmək üçün “səylərini şişirdə bilər”.
Bu arada ABŞ maliyyə naziri Canet Yellen Abramoviçə qarşı sanksiya tətbiq olunacağını istisna etməyib. Bu barədə o, CNBC telekanalına müsahibəsində bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydendən danışıqlarda iştirakı faktına görə Abramoviçə sanksiya tətbiq etməməyi xahiş etmişdi.
“Biz ayrı-ayrı şəxslərə qarşı sanksiya tətbiqini davam etdiririk, eləcə də iqtisadiyyatın müəyyən sahələrinə sanksiya tətbiq etmək imkanını araşdırırıq. Ona görə də onların sanksiyalarla üzləşəcəyini istisna etmirəm”, - Yellen söyləyib.
Maliyyə naziri Abramoviçin Rusiya-Ukrayna danışıqlarında iştirakı barədə xəbərlərdən hali olduğunu qeyd edib.
Mənbə: RBK