Bu çağırış Ukrayna hava məkanının Rusiya üçün bağlanmasına hüquqi əsasın yaradılması üçündür.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Prezident Zelensikinin Ukraynanın bütün dostlarını Kiyevə səfərə dəvət etməsi ilə bağlı danışarkən bildirib.
“Uzun müddətdir ki, Zelenski NATO-dan ölkənin hava sahəsinin bağlamasını istəyir. NATO isə bunu etmir və bununla bağlı dəfələrlə açıqlama verib. Çünki Ukrayna səmasını bağlamaq o deməkdir ki, NATO bu hava məkanına daxil olan istənilən obyekti vurmalıdır. Bu isə Rusiya ilə birbaşa konflikt deməkdir.
Əvəzində Polşa, Çexiya və Sloveniya baş nazirləri Kiyevə gələrkən, NATO öz öhdəliyinə uyğun olaraq, ən azı onların marşrutu üzərində, yəni Kiyevə qədər hava sahəsini bağlamaq hüququ əldə etdi. Zelenski isə Ukraynanın digər dostlarını belə səfərlərə dəvət etməklə, əslində, NATO-nun qısa müddətli fasilələrlə də olsa, Kiyev səmasını bağlamasını təmin etməyə çalışır”, - politoloq qeyd edib.
Qeyd edək ki, Polşa, Çexiya və Sloveniya baş nazirləri ötən gün mənəvi dəstək üçün Kiyevdə səfərdə olublar.