Xələf Xələfov atəşkəsin pozulmasından danışdı: "Tam əminəm ki, sülhməramlılar..."

Xələf Xələfov atəşkəsin pozulmasından danışdı: "Tam əminəm ki, sülhməramlılar..." backend

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər Rusiya sülməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin atəşkəsi pozmasına münasibət bildirib.

"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin yaşadığını və onların gələcəkdə Azərbaycana inteqrasiyasının qarşıda duran əsas məsələlərdən biri olduğunu bildirib: "Biz hesab edirik ki, onlar Azərbaycan vətəndaşlarıdırlar”.

Nazir müavini deyib ki, münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub: "Atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bunlar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bu hallar aradan qaldırılmalıdır. Tam əminəm ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər. Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proseslər gedəcək. Təbii ki, sülhə mane olan bütün neqativ hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulması yolverilməzdir. Çünki atəşkəsin pozulması ilk növbədə üçtərəfli razılaşmalara yönəlmiş addımlardır və bu hallara son qoyulmalıdır".

Diaspora